Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər

  18 Noyabr 2017    Oxunub : 7598
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinin V sammiti ərəfəsində antiAzərbaycan şəbəkəsi yenidən fəallaşıb. People in Need (PİN) adlı qeyri-hökumət təşkilatı böhtan üzərində qurulan şəbəkənin aparıcı rıçaqlarından hesab olunur.

Sözügedən təşkilat Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xələl gətirməyə, ölkəmizə təzyiq göstərməyə çalışır. Hansı ki, PİN Dağlıq Qarabağ müharibəsinin qızğın vaxtında azərbaycanlı əsirlərin daxili orqanlarının ticarəti ilə məşğul olub.

Hüquq-müdafiəçisi Sahib Məmmədov AzVision.az-a təşkilatın yaranmasından, bulaşdığı çirkin oyunlardan, ermənilərə xidmətin danışıb.

“1988-ci ildə Ermənistanın Spitak rayonunda dəhşətli zəlzələ olanda Çexiyada bir qrup tələbə təşəbbüs göstərərək, möhtac olan insanlara yardım aksiyası keçirdilər. Prinsipcə, tələbələrin bu təşəbbüsü normal idi. Çünki, insanlar fəlakətə düçar olmuşdu və onlara humanitar yardım göstərirdilər. Sonradan bu təşəbbüs əsasında adı “möhtac insanlar” (ehtiyac içində olan insanlar) kimi məna verən People in Need (PİN) adlı humanitar təşkilat yaradıldı. Başlanğıc üçün sonradan təşkilata çevrilən bu təşəbbüsün missiyasına normal da baxmaq olar. Ancaq, bu təşkilat tezliklə Ermənistanla sıx münasibətlər qurmağa, Dağlıq Qarabağ məsələsində ermənilərə açıq dəstək verməyə başladılar. Yəni, tezliklə bu təşkilat iç üzünü ortaya qoydu. 1992-ci ildə beynəlxlaq humanitar hüququn prinsiplərini kobud surətdə pozaraq, Xankəndində döyüş əməliyyatlarında yaralanan erməni döyüşçülərini müalicə etmək üçün əvvəl səyyar, sonra stasionar hospital yaratdılar.

Beynəlxalq humanitar hüququn prinsiplərinə görə döyüşlər zamanı yaralananlara, əsir düşənlərə münasibətdə humanitar yardım göstərən tərəf neytiral və qərəzsiz olmalıdır. Onlar üçün işğalçı və müdafiə olunan anlayışı olmamalıdır. Döyüşlərdə yaralanan, əsir düşən və s. şəxslərə eyni münasibət göstərilməlidir. Lakin PİN-in “humanizmi” ancaq ermənilərə münasibətdə özünü göstərirdi. Əslində yardım hər iki tərəfə göstərilməli idi. O vaxt yaralanaraq əsir düşən azərbaycanlıları - hərbçi və ya mülki şəxsləri PİN öz hospitalına qətiyyən qəbul etmirdi. Ora aparılan azərbaycanlıları hospitalın qapısında qoyurdular və onlar orada can verirdilər”.



S.Məmmədovun sözlərinə görə, o vaxt (1992-ci il) ŞuşaLaçın rayonundan olan məcburi köçkünlərin xeyli hissəsi Yasamal rayonunda, Yeni Yasamal yaşayış massivində yerləşdirilmişdi.

“Mən o zaman həmin rayonda İcara hakimiyyətinin başçısı idim. Şuşa rayon İcra Hakimiyyətinin başçısı olan Nizami Bəhmənovla köçkünlərlə bağlı problemləri həll edirdik. Həmin vaxt girovluqdan və əsirlikdən qayıda bilən az qism insanlar var idi. Bütün bu dəhşətləri onlar danışırdı. Təsssüf ki, o zaman bu ifadələri sənədləşdirən olmadı.

Onların veb səhifəsində son dövrlərə qədər çox fəxrlə belə hospitalları yaratmaları barədə öz tarixlərini, “Artsax”ın suverenliyi uğrunda mübarizədə öz töhfələrini necə olmasını verirdilər. Ancaq, humanitar təşkilat imicini möhkəmləndirmək üçün çirkin tarixlərini siliblər. Çünki, aşkar görünürdü ki, onlar humanitar təşkilat yox, işğalçı tərəfə kömək edən qurum idi”.

S.Məmmədov qeyd edib ki, sonradan bu bədnam “humanitar” təşkilatın adı daha dəhşətli məslələrdə hallandı: “Girov götürülən Azərbaycanlı əsir uşaqların orqanlarının çıxarılması və satılmasında, ermənilərlə birgə orqan transplantasiyası alverini quran bir qurum sonradan tarixinin bu şərəfsiz hissəsini gizlətməyə nail oldu. Təəssüf ki, bizim hüquq-mühafizə orqanları da bu işin ardınca getmədilər. Sonradan həmin hospitalın bəzi həkimləri vasitəsilə azərbaycanlı əsir və girovların, xüsusən də uşaqların orqanlarının ticarəti təşkil edilib. Bu təşkilat Azərbaycan xalqına qarşı törədilən insanlıq əleyhinə cinayətlərin iştirakçısıdır. Belə təşkilatın Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahat olması sadəcə, sinizimdir. PİN əslində bu işlə ancaq Azərbaycana münasibətdə fəaldır. Bu təşkilatın antiazərbaycan kampaniyaları sistematik və davamlıdır. Amma onlar heç zaman region ökələri olan Gürcüstan və Ermənistanla bağlı heç bir kampaniya aparmır.

Ermənistanda insan hüquqları pozulmur? Heç olmsa yüngülvari bir tənqidini görmüsüz bu təşkilatın Ermənistanla bağlı? Ermənilərlə sıx əlaqədə fəaliyyət göstərən PİN müxtəlif layihələr və proqramlar vasitəsi ilə antiazərbaycan şəbəkəsi qurmağa nail olmuşdur. Bu təşkilat insan hüquqlarının müdafiəsi, adı altında müxtəlif kampaniyalar təşkil edir, informasiya vasitələrinin yaradır, müxtəlif beynəlxaq tədbirlərdə antiazərbaycan aksiyaları keçirir. İndi də Azərbaycanla Avropa İttifaqının münasibətlərinin yaxınlaşması onları narahat edir. Ümumən, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və qeyd etdiyim kimi mühüm hadisələr ərəfəsində məlum şəbəkəni işə salmağa başlayırlar. Hazırda maskaları cırıldığına görə bu işi təşkil edirlər, ancaq adlarını hallandırmırlar. Bu təşkilatın rəhbəri Yaromir Ştetindən tutmuş, sıravi üzvünə qədər hamı Azərbaycan xalqına nifrətini gizlətmir. İndi onlar ölkəmizdə insan hüquqlarının pozulmasından narahatdır?"

S.Məmmədov təsssüflə qeyd edib ki, PİN burada 15-dən artıq qeyri-hökumət təşkilatını, xeyli sayda jurnalisti öz şəbəkəsinə, erməni maraqlarına xidmətə cəlb edə bilib:

“Bu şəxslərin bir hissəsi Avropada yaşayır. Avropada yaratdıqları müxtəlif təşkilatlar “bizmkiləri” təsir agenti kimi cəlb edib və bütün antiAzərbaycan təşviqatını bu insanların iştirakı ilə reallaşdırır. Bura “Meydan TV” də daxildir. Digər hissəsi Azərbaycandadır. Onların adı hamıya bəllidir. “Şərq Tərəfdaşlığı” ölkələrinin V sammiti ərəfəsində onlar yenə çırmalanıb ortaya atılıblar. Əvvəl 38 təşkilat Azərbaycanda hüquqi yardımın məhdudlaşdırılması ilə bağlı bir bəyanatla çıxış edib. İndi 37 təşkilat yenidən Avropa İttifaqının xarici əlaqələr üzrə nümayəndəsinə məktub göndərib. Eyni zamanda 47 deputat Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Bunların hamısının arxasında bir məqsəd var: Azərbaycanı Çərçivə Sazişindən çəkindirmək. Bu maraq nədir? Niyə istəmirlər ki, Azərbaycan Avropa İttifaqı ilə yaxınlaşsın, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak etsin? Kim maraqlı deyil ki, alternativ kommunikasiya xəttləri olsun? Bu, bəllidir. PİN və onun şəbəkəsinə daxil olanlar, eləcə də onlara nökərçilik edən azərbaycanlılar da həmin qüvvələrin maraqlarının təminatçısı rolunda çıxış edirlər”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: PİN