Prezident: “İşimizi məhdudlaşdıra bilmərik”

  21 Sentyabr 2013    Oxunub : 548
Prezident: “İşimizi məhdudlaşdıra bilmərik”
“Böyük qürur hissi ilə deyə bilərəm ki, mən də neftçilərin arasında işləmişəm”

AzVision.az xəbər verir ki, sentyabrın 20-də Bakının Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodunun açılış mərasimi olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayacaq Bakı gəmiqayırma zavodunun tikintisi respublikamızda həyata keçirilən iri infrastruktur layihələrindən biridir. Təməli 2010-cu il martın 19-da Prezident İlham Əliyev tərəfindən qoyulmuş zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərəcəkdi.

Müəssisə Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığını aradan qaldıracaq, Xəzər donanmasını müasirləşdirməyə imkan verəcəkdi. Məlum olduğu kimi, ölkəmizin kifayət qədər güclü donanması var. Bu gəmilər bir çox hallarda xarici ölkələrdə təmir edilir. Digər tərəfdən, Azərbaycan Xəzər donanmasının gücləndirilməsi məqsədilə müxtəlif illərdə xaricdən xeyli sayda tanker, yük gəmisi və bərə almışdır. Bakı gəmiqayırma zavodunun işə düşməsindən sonra isə Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal olunacaq, onların təmiri burada aparılacaqdır. Eyni zamanda, bu zavod ixrac potensialımızın gücləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. Bütün bunlar bir daha gəmiqayırma zavodunun Azərbaycanın iqtisadi inkişafının daha da sürətlənməsində nə dərəcədə mühüm rol oynadığını nümayiş etdirir. Digər tərəfdən, son illərdə Azərbaycanda həyata keçirilən iri iqtisadi layihələrdən biri olan bu zavodun inşası ölkəmizin iqtisadi gücünü və bütün sahələrdə öncül mövqelərə malik olmasını göstərir.

Prezident İlham Əliyev tədbirdə çıxış edib:

“Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün çox əlamətdar bir gündür. Biz Bakıda yeni gəmiqayırma zavodunun açılışına toplaşmışıq. Ancaq bundan əvvəl mən bütün Azərbaycan neftçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün neftçilərin peşə bayramıdır. Azərbaycan neftçiləri bütün dövrlərdə Azərbaycanın inkişafında çox mühüm rol oynamışlar. Müstəqil Azərbaycanda neftçilərin fəaliyyəti təqdirəlayiqdir. Neftçilərin zəhməti, istedadı hesabına bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir.

Neft sənayesi bütün dövrlərdə Azərbaycanda aparıcı sahə olmuşdur, o cümlədən bu gün də belədir. Əlbəttə, biz çalışırıq ki, iqtisadiyyatımızı neft amilindən daha da az asılı vəziyyətə gətirək. Ancaq neft sənayesinin inkişafı, Azərbaycanda neft-qaz əməliyyatlarının uğurla aparılması ölkəmizin potensialını böyük dərəcədə gücləndirir. Ona görə, bu fürsətdən istifadə edərək mən Neft Şirkətinin bütün əməkdaşlarını, bütün Azərbaycan neftçilərini bu gözəl bayram münasibətilə bir daha təbrik etmək istəyirəm.

Qeyd etmək istəyirəm ki, mənim həyatımın müəyyən hissəsi - doqquz ili Dövlət Neft Şirkətində keçib. Böyük qürur hissi ilə deyə bilərəm ki, mən də neftçilərin arasında işləmişəm. Biz Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsində birgə səylərlə işləmişik və böyük uğurlara imza atmışıq.

Eyni zamanda, bu gün tarixi gündür. Ona görə ki, 19 il bundan əvvəl “Əsrin kontraktı” imzalanıb. “Əsrin kontraktı”nın imzalanması Azərbaycanda yeni neft strategiyasının icra edilməsində atılmış ən önəmli addımdır. Heydər Əliyev neft strategiyasının formalaşmasında “Əsrin kontraktı”nın xüsusi yeri vardır. Bu gün Azərbaycanı müasir neft sənayesiz təsəvvür etmək mümkün deyildir. Əgər 1994-cü ildə ulu öndər Heydər Əliyevin qərarı ilə neft strategiyamız başlamasa idi, bu gün ölkəmizin inkişafı tam başqa istiqamətdə ola bilərdi. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, ölkəmiz, xalqımız üçün həlledici anlarda Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlib və Azərbaycanı böyük bəlalardan, fəlakətlərdən qurtara bilib. Çünki müstəqilliyimizin ilk illəri çox ağır keçirdi. Ölkədə total böhran hökm sürürdü. O vaxtkı hakimiyyət demək olar ki, öz vəzifə borcunu yerinə yetirə bilmirdi, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdi. Demək olar ki, Azərbaycan dağılmaq ərəfəsində idi, vətəndaş müharibəsi başlamışdı. Vətəndaş müharibəsini başlamış antimilli iqtidar qorxub qaçaraq demək olar ki, Azərbaycanı başsız qoymuşdu. Heydər Əliyevin müdrikliyi, cəsarəti, qətiyyəti, xalqın ona olan inamı O vaxt ən ağır anlarda bizə imkan verdi ki, bütün xoşagəlməz hallara son qoyaq və Azərbaycanı inkişaf yoluna çıxara bilək.

O gündən bu günə qədər Azərbaycan sürətli inkişaf dövrünü yaşayır. Biz bu il Qurtuluş Gününün 20-ci ildönümünü qeyd edərək bir daha bütün bu tarixi məqamları nəzərdən keçirdik. Bugünkü müstəqil Azərbaycanın uğurlu inkişafının təməli məhz 20 il bundan əvvəl qoyulub. Ona görə “Əsrin kontraktı”nın ölkəmizdə gedən bütün iqtisadi islahatların sürətləndirilməsi üçün xüsusi yeri olmuşdur. Fürsətdən istifadə edərək bizimlə bərabər 19 il ərzində çalışan xarici neft şirkətlərini də buradan salamlamaq istəyirəm. Onların investisiyaları, onların Azərbaycana olan sədaqəti və yaranmış gözəl əməkdaşlıq mühiti bax, bugünkü reallıqları şərtləndirdi.

Bu gün biz yeni beynəlxalq əməkdaşlıq layihəsinin başlanmasını qeyd edirik. Azərbaycanda gəmiqayırma zavodunun yaradılması da beynəlxalq əməkdaşlıq nəticəsində mümkün olmuşdur. Burada həm Azərbaycan tərəfi, həm Sinqapurun “Keppel” şirkəti birgə fəaliyyət göstərirlər. Zavodun tikintisində xarici mütəxəssislər iştirak etmişlər. Burada quraşdırılan avadanlıq aparıcı xarici şirkətlərin istehsalıdır və pay bölgüsü də 90 faiz Azərbaycanın, 10 faiz “Keppel” şirkətinin üzərinə düşür. Bütün operatorluq işi Sinqapurun “Keppel” şirkətinə həvalə edilib. Bu da hesab edirəm ki, beynəlxalq əməkdaşlığın gözəl təzahürüdür, yeni formasıdır. Keçən il mənim Sinqapura rəsmi səfərim zamanı gəmiqayırma zavodunun tikintisi də müzakirə edilmişdir.

Gəmiqayırma zavodunun tikintisi tarixi hadisədir. Çünki Azərbaycanda heç vaxt gəmiqayırma zavodu olmamışdır. Sovet dövründə bir neçə gəmi təmiri zavodu olmuşdur. Ancaq biz gəmilərin alınması ilə əlaqədar bütün işləri xarici tərəfdaşlarla həll edirdik, o cümlədən müstəqillik dövründə - son on il ərzində deyə bilərəm ki, Azərbaycan xaricdən 19 gəmi almışdır. Onların içində bərələr, tankerlər, yük gəmiləri vardır. Təsəvvür etmək çətin deyildir ki, bu məqsədlər üçün nə qədər böyük vəsait ayrılmışdır. Bundan sonra isə artıq Azərbaycanda işləyəcək bizə lazım olan bütün növ gəmiləri ölkəmizdə istehsal edəcəyik.

Bu, böyük tarixi nailiyyətdir. Bu zavodun tikintisi Azərbaycanda aparılan iqtisadi islahatların nəticəsidir. Çünki buraya qoyulan investisiyalar çox böyük həcmlə ölçülür - 470 milyon dollar investisiya qoyulmuşdur. Bu, ancaq birinci mərhələ üçündür. İkinci mərhələdə də 160 milyon dollar əlavə investisiya qoyulacaqdır və investisiyaların 90 faizi Azərbaycanın payına düşür.

Zavodda ən müasir texnologiyalar, ən yüksək standartlar tətbiq edilir. Burada 1250 yeni iş yeri açılmışdır. Orta əməkhaqqı da kifayət qədər yüksəkdir. Bizim tələbatımızı, Azərbaycanda nəqliyyat sektorunda gedən və bundan sonra gedəcək işləri nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, zavodun çox gərgin iş rejimi olacaqdır. Çünki Dövlət Neft Şirkəti yaxın illərdə 130 gəminin tikintisini təmin etməlidir. Əlbəttə ki, bu gəmilərin hamısı bax, bu zavodda tikiləcəkdir. Xəzər Gəmiçiliyi bundan sonra təqribən 20 gəmini əldə etməlidir. Onların da hamısı artıq Azərbaycanda tikiləcəkdir. Xəzərin Azərbaycan sektorunda çalışan xarici tərəfdaşlarımız da bildiyimə görə 20-dən çox gəmi sifariş etmək niyyətindədirlər. Yəni, artıq mövcud olan bu sifarişlər deyə bilərəm ki, zavodun 24 saat rejimində işləməsini təmin etməlidir. Nəzərə alsaq XəzərXəzəryanı ölkələrin də neft-qaz əməliyyatları, nəqliyyatla bağlı məsələləri öz həllini tapır, istisna edilmir ki, qonşularımız da bu zavodun işindən faydalana biləcəklər. Bir sözlə, bu zavodun tikintisi böyük tarixi hadisədir. Burada Azərbaycanın iqtisadi islahatlarının aparılması öz nəticəsini verməkdədir. Burada Azərbaycanın iqtisadi siyasətinin düzgün istiqamətdə aparılması da tam şəkildə təsdiqlənir. Çünki bizim əsas iqtisadi islahatlarımız qeyri-neft sektorunun, sənaye istehsalının inkişafına yönəldilibdir. Eyni zamanda, neft sektorunun inkişafı da əlbəttə ki, təmin edilməlidir.

Son illərdə neft-qaz sektorunda tarixi nailiyyətlər əldə edilib. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi demək olar ki, bölgənin enerji xəritəsini böyük dərəcədə dəyişdirib. Keçən il TANAP layihəsinə start verilməsi, bu il Trans-Adriatik boru kəmərinin tikintisi ilə bağlı əldə edilmiş razılaşmalar bundan sonra onilliklər ərzində Azərbaycanı çox vacib beynəlxalq enerji oyunçusuna çevirəcəkdir.

Enerji təhlükəsizliyi məsələlərinin həllində Azərbaycanın xüsusi rolu vardır. Bu, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur, görülən işlərin nəticəsidir. Eyni zamanda, bu, böyük məsuliyyətdir. Çünki artıq Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər hətta regional müstəvidən kənara çıxıbdır və qlobal xarakter daşıyır. Azərbaycanın uğurlu neft-qaz siyasəti artıq nəinki bölgə ölkələrində, eyni zamanda, Avropa qitəsində enerji məsələlərinin həllinə də öz töhfəsini verəcəkdir. Belə olan halda əlbəttə ki, bizim məsuliyyətimiz böyük dərəcədə artacaqdır. Ancaq biz buna hazırıq. Biz bütün işləri böyük məsuliyyət hissi ilə görmüşük. Bu günə qədər neft-qaz sahəsində bir dənə də olsun səhv addım atılmamışdır. İyirmi il ərzində Azərbaycanın neft-qaz potensialı böyük dərəcədə inkişaf etmişdir. Biz son illər ərzində elektrik enerjisini, qazı idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişik. Biz neft-qaz potensialımızı tam şəkildə realizə edə bilmişik. Bununla bərabər, bu gün iqtisadi siyasətimizin əsas hissəsi qeyri-neft sektorunun inkişafıdır. Bax, bu zavodda Azərbaycanın iqtisadi siyasəti tam şəkildə öz əskini tapır - qeyri-neft sektorunun inkişafı, sənayeləşmə siyasətimizin uğurla davam etdirilməsi.

Mən əvvəlki çıxışlarımda da qeyd etmişəm ki, Azərbaycanın bir neçə əsas sənaye mərkəzi olmalıdır. Bakının Qaradağ rayonu, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri. Əlbəttə ki, digər şəhər və rayonlarımızda sənaye işləri gedəcəkdir, amma əsas mərkəzlər bunlardır. Bu zavod da Qaradağ rayonunda tikilib. Bu zavodun tikintisində idxaldan asılılığı azaltmaq mexanizmi də əyani şəkildə göstərilir. İdxaldan asılılığı azaltmaq təkcə ərzaq məhsulları ilə məhdudlaşmır. Eyni zamanda, Azərbaycanda tikinti materialları və sənaye istehsalı maksimum dərəcədə təşkil edilməlidir.

Biz artıq bu zavodun timsalında yeniləşən, müasirləşən, sənayeləşən Azərbaycanı görürük. Zavodun sifarişlər portfeli qeyd etdiyim kimi, kifayət qədər böyükdür. Təkcə sadaladığım, nəzərdə tutulan tikintilərin dəyəri təxminən 4-5 milyard dollardır. Yəni, əgər zavod tikilməsəydi? bu vəsait kənara gedəcəkdi. Ancaq indi bu vəsait burada qalacaqdır. Bütün sifarişlər Azərbaycanda həll olunacaqdır. Burada böyük dərəcədə iş yerləri yaradılıbdır. Qeyd etdiyim kimi, artıq burada 1250 nəfər işləyir və bu iş yerlərinin sayı getdikcə artacaqdır. Yəni, iqtisadi siyasətimizin bütün uğurları burada cəmləşir, öz əksini burada tapır.

Əlbəttə ki, zavodun tikintisi böyük məna daşıyır. Eyni zamanda, ona görə ki, bu gün belə zavodların tikintisi yalnız uğurla inkişaf edən ölkələrin imkan daxilində ola bilən bir məsələdir. Bu gün dünyanın müxtəlif yerlərində hələ ki, iqtisadi və maliyyə böhranı davam edir. Ancaq, görün, Azərbaycana nə qədər böyük investisiyalar qoyulur, son həftələr, aylar ərzində iştirak etdiyim açılışlarda nə qədər böyük işlər görülür. İnfrastruktur yeniləşir, qaz xətləri çəkilir, yeni sənaye müəssisələri yaradılır. Bir ay bundan əvvəl mən böyük sement zavodunun açılışında iştirak etmişəm. Qaradağ rayonunda artıq müasir sement zavodu fəaliyyət göstərir, ikinci zavod tikilir. Əminəm ki, yaxın vaxtlarda biz sement istehsalında da artıq xarici idxaldan asılı olmayacağıq. Yəni, ölkəmiz üçün lazım olan və həlli mümkün olan bütün layihələr Azərbaycanda icra edilməlidir. Bu, yeni iş yerlərinin açılması, ümumi daxili məhsulun artırılması və ölkəmizin güclü sənaye mərkəzinə çevrilməsi deməkdir.

Nəzərə almalıyıq ki, artıq Azərbaycanda mənim təşəbbüsümlə yaranmaqda olan texnoparklar layihəsi də uğurla icra edilir. Yaxın zamanlarda biz texnoparkın birinci nəticəsini görəcəyik. Mən tam əminəm ki, bizim siyasi baxışlar konsepsiyamız – “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası tam şəkildə öz həllini tapacaq və Azərbaycan güclü sənaye mərkəzi olacaqdır. Bu gün biz güclü iqtisadi mərkəzik. Bu gün biz nəqliyyat-logistika mərkəziyik. Biz güclü sənaye mərkəzi də olmalıyıq. Çünki gələcək sənayenin inkişafı ilə bağlı olmalıdır.

Nəqliyyat sektoruna gəldikdə, qeyd etməliyəm ki, neftdən əldə edilmiş gəlirlərin bir hissəsi nəqliyyat infrastrukturunun yaradılmasına yönəldilibdir. Gəmiqayırma zavodunun tikintisi nəqliyyat sektoruna bir töhfədir. Çünki bizim çox əlverişli coğrafi vəziyyətimiz vardır. Azərbaycan təbii dəhlizlər üzərində yerləşibdir. Şimal-cənub, şərq-qərb dəhlizləri Azərbaycandan keçir. Ancaq əgər müasir logistika və nəqliyyat infrastrukturu olmasa, bu yerləşmənin heç bir əhəmiyyəti olmayacaqdır. Ona görə, bütün başqa sahələrlə yanaşı, nəqliyyat sektorunun inkişafına da böyük investisiyalar qoyulmuşdur, böyük diqqət göstərilmişdir. Son illərdə Azərbaycanda nəqliyyatın bütün növləri inkişaf etmişdir. Son 10 il ərzində 19 yük gəmisi, bərə, tanker, 31 təyyarə alınmışdır, 7 aeroport tikilmişdir.

Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Bu da strateji əhəmiyyətə malik olan bir layihədir. Avtomobil yolları, bizim əsas avtomagistrallar və kənd yolları yenidən qurulur, tikilir. Bakıda bax, belə gözəl gəmiqayırma zavodu tikilir. Ələt qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarəti Limanı tikilir ki, o da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaqdır. Onun yəni, yükötürmə gücü ilkin mərhələdə 10 milyon, ondan sonra 20 milyon tona bərabər olacaqdır.

Gələcəkdə nəzərdə tutulan yükdaşımalarının artımı bax, yeni infrastrukturun yaradılmasını tələb edir. Biz də bunu yaradırıq - gəmiqayırma zavodu, yeni dəniz ticarəti limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, yeni aeroportlar. Bu gün artıq Azərbaycan yük təyyarələri üçün bir mərkəzə çevrilmişdir. Yəni, biz çalışmalıyıq ki, Azərbaycanı müxtəlif istiqamətlər üzrə mərkəzə çevirək. Biz artıq buna nail oluruq. Azərbaycan Cənubi Qafqazın enerji mərkəzidir, iqtisadi mərkəzidir, dinlərarası münasibətlərin mərkəzidir, tolerantlıq mərkəzidir, sənaye mərkəzidir və nəqliyyat mərkəzidir.

Ancaq bu gün Azərbaycanın potensialı o qədər böyükdür və artım o qədər sürətlidir ki, əlbəttə, biz yalnız regional məsələlər ilə öz işimizi məhdudlaşdıra bilmərik. Bu gün bizim iqtisadi baxışlarımız, iqtisadi siyasətimiz, investisiya planlarımız artıq bölgə hüdudlarından kənara çıxıbdır. Bu gün Azərbaycan beynəlxalq təşkilatlara da öz vəsaitini ayırır, donor kimi öz fəaliyyətini təmin edir. Bu gün müxtəlif iqtisadiyyatların inkişafına Azərbaycan böyük həcmdə investisiya qoyur, kreditlər ayırır. Yəni, tamamilə başqa bir vəziyyət yaranmışdır. 20 il bundan əvvəl xarici investisiyalar olmadan ölkəmiz inkişaf edə bilməzdi və Azərbaycanda xarici tərəfdaşlar üçün ən gözəl investisiya iqlimi yaradılmışdır. Bu gün Azərbaycan öz investisiyalarını başqa bazarlara, başqa iqtisadiyyatlara yatırır ki, gələcəkdə bundan həm iqtisadi, həm siyasi cəhətdən daha da böyük səmərə görsün.

Mən bunları ona görə demirəm ki, biz özümüzü tərifləyək. Baxmayaraq ki, buna da, əlbəttə, imkanlar vardır. Ona görə deyirəm ki, bütün bu uğurlar, nailiyyətlər düşünülmüş siyasət nəticəsində mümkün olmuşdur. Eyni zamanda, ona görə deyirəm ki, biz bu nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Biz ölkəmizin inkişaf strategiyasını 20-30 il bundan qabağa planlaşdırırıq. Azərbaycanın sənaye potensialı, demoqrafik vəziyyət, bazarlara çıxışlarımız - biz bu barədə də düşünməliyik. Bizim bazarımız artıb. Ancaq Azərbaycanda olan potensial bizim mövcud bazarla o qədər də uzlaşmır. Biz yeni bazarlara çıxmalıyıq. Əlbəttə ki, regional bazarlara, dünya bazarlarına hazır məhsulla, rəqabət qabiliyyətli məhsulla çıxmalıyıq. Azərbaycanda yaradılan bütün böyük müəssisələr bax, bu səviyyədə, dünyanın ən yüksək səviyyəsində olmalıdır.

Əminəm ki, dediyim məsələlər gələcəkdə öz həllini tapacaqdır. Biz həm regional inkişaf proqramımızın üçüncü hissəsini gələn il qəbul edəcəyik, eyni zamanda, sənaye və iqtisadi siyasətimizlə digər təşəbbüslər gələn ildən başlayaraq icra ediləcəkdir. Yəni, biz daim inkişafda olmalıyıq, əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Daim axtarışda olmalıyıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı həyatını təmin edək.

Bir daha demək istəyirəm ki, zavodun tikintisi böyük hadisədir, tarixi hadisədir, əlamətdar hadisədir. Zavodun tikintisində iştirak etmiş bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. Mən şadam və fəxr edirəm ki, Azərbaycanda artıq belə gözəl sənaye müəssisəsi yaradılıbdır. Zavodun işinə uğurlar diləyirəm. Sağ olun”.

Teqlər: