“Dəfələrlə erməni icmasını görüşə dəvət etmişik” – Rövşən Rzayev

“Dəfələrlə erməni icmasını görüşə dəvət etmişik” – Rövşən Rzayev
  24 Noyabr 2017    Oxunub:2668
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı elə bir problem görmürəm ki, onu həll etmək mümkün olmasın”.

Bunu AzVision.az-a “Ermənistan-Azərbaycan Sülh Platforması”nın təsisçilərindən olan Dağlıq Qarabağın Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, Qarabağ məsələsinə yanaşmada ikili standartlar qabarıq şəkildə özünü göstərir: “Beynəlxalq hüquq, dövlətlərarası münasibətlər, qəbul olunmuş sənədlər var. Əgər bu sənədlərə istinad edib, münaqişənin həllini görə bilmirlərsə, deməli, problemə ikili standartlarla yanaşırlar. Məlumdur ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın ərazilərini işğal edib və bu günə qədər işğal siyasətini davam etdirir. Bunların hər biri sənədlərlə, sübutlarla təsdiq olunub. Ermənilər Xocalı soyqırımını törədiblər. İşğalla bağlı BMT-nin 4 qətnaməsi var. Bunları görməmək, o deməkdir ki, Rusiyada, Fransada, ABŞ-da olan erməni lobbisinin bu ölkələrin hakim dairələrinə təsirləri var. Amma bunun sonu gəlib çatacaq. Sülhdən uğurlu addım yoxdur və ola da bilməyəcək”.

R.Rzayav Dağlıq Qarabağın Azərbaycan İcmasının dəfələrlə erməni icmasını görüşə dəvət etdiyini vurğulayıb.

“Dövlətlərarası münasibətlər yalnız hüquqa söykənməlidir. Şəxsi maraqlardan imtina edib, insanlara xoş gələcək vermək üçün bütün imkanlardan istifadə etməyi bacarmalıdırlar. Bunu bacarmırlarsa, tutduqları vəzifələrdən uzaqlaşmalıdırlar. BMT-nin 4 qətnaməsində qeyd olunanlara uyğun hərəkət etməlidirlər. Nə üçün etmirlər? Bu, hamı üçün bəllidir. Şəxsi maraqlardan, şəxsi imkanlarını genişləndirməkdən, tutduqları siyasi vəzifələri buraxmaq istəmədiklərindən bunu müxtəlif formada qələmə verirlər. Biz Sülh Platforması çərçivəsində çox asan, qarşılıqlı hörmət əsasında öz problemlərimizi, itirilmiş münasibətlərimizi qısa zamanda həll etməyə hazırıq”, - deyə R.Rzayev vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Rövşən-Rzayev   Qarabağ  





Xəbər lenti