Azərbaycanlı general İranda mühüm danışıqlarda - FOTOLAR

Azərbaycanlı general İranda mühüm danışıqlarda - FOTOLAR
  05 Dekabr 2017    Oxunub:4121
Dekabr ayının 2-4 tarixlərində İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin dəvəti ilə general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndə heyəti Tehran şəhərinə rəsmi səfər edib.
DSX-nın Mətbuat Mərkəzindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində general-mayor Q.Rzayi və İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Hüseyn Bagiri ilə görüşlər keçirilib.



Görüşlər zamanı Azərbaycan və İranın dövlət başçıları arasında keçirilmiş görüşlərdə qəbul olunmuş qərarların böyük əhəmiyyət kəsb etməsi vurğulanıb, ölkələr arasındakı tarixi, dini, mədəni, iqtisadi münasibətlərin gündən-günə inkişaf edərək möhkəmlənməsi, sərhəd qurumları arasında mövcud əlaqələrin yüksək səviyyədə olması ifadə olunub. Müzakirələr zamanı dövlət sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində və Xəzər dənizində şərait, habelə onun növbəti dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb.



Sərhəd təhlükəsizliyinə təhdidlərə, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya və digər transsərhəd cinayətlərə qarşı birgə mübarizənin aparılmasının vacibliyi qeyd edilib. Ermənistan tərəfindən 20% torpaqlarımızın işğalı nəticəsində Azərbaycan-İran sərhədinin 132 km hissəsinin nəzarətsiz qalmasının ciddi narahatlıq doğurması İran tərəfinin diqqətinə çatdırılıb.



Azərbaycan və İran üçün mühüm iqtisadi əhəmiyyət kəsb edən “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi “Astara” dəmir yolu buraxılış məntəqəsinin fəaliyyətinin təşkili, yüklərin və nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sərhəd təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkə vətəndaşlarının rahat səyahət etməsi, o cümlədən turizmin inkişafı məqsədi ilə “Astara” və “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrinin iş vaxtının uzadılmasının məqsədə uyğunluğu qeyd olunub.



Qarşılıqlı əməkdaşlığın müsbət göstəricisi kimi nümayəndə heyətləri tərəfindən əvvəlki illərə nisbətən 2017-ci ildə dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin həcminin artması, sərhəd pozma hallarının isə iki dəfə azalması vurğulanıb.

AzVision.az


Teqlər: DSX   İran  





Xəbər lenti