Daha 5 kənd içməli su ilə təchiz edilib

  06 Dekabr 2017    Oxunub : 395
Daha 5 kənd içməli su ilə təchiz edilib

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında ölkə prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq Şabran rayonunun 5 kəndində yeni su təchizatı infrastrukturu yaradılıb.

AzVision.azxəbər verir ki, bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, bu münasibətlə rayonun Sincanboyad kəndində keçirilən açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. O, qeyd edib ki, Şabran şəhərində əhalinin içməli su ilə bağlı problemləri həllini tapıb, kəndlərdə su layihələrinin icrası mərhələlərlə davam etdirilir. Sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə mühüm hadisədir və sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

“Azərsu”ya məxsus “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov isə deyib ki Prezident İlham Əliyevin kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxlayır. O, son illər bu sahədə görülmüş işlər barədə məlumat verərək bildirib ki, digər rayonlarda olduğu kimi Şabranda da su təchizatı layihəsi qısa müddətdə icra edilib: “Şabran rayonunda kəndlərin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına bu ilin yayında başlanılıb. Qısa müddətdə 10,3 km su xətləri çəkilib, 29 ədəd bulaq quraşdırılıb. Təkcə Sincanboyad kəndində 4,5 km kənddaxili su xətti çəkilib, 13 ədəd bulaq quraşdırılıb. Bununla kəndin 800 nəfər sakininin içməli su problemi həll edilib. Növbəti illərdə rayonun digər kəndlərində də içməli su layihələrinin həyata keçirilməsi nəzərdə tutulur” .

Tədbirdə çıxış edən kənd sakinləri isə bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarını uzaq məsafələrdə yerləşən bulaqlardan daşımaqla ödəyiblər. Bu da əhalinin su təminatında ciddi çətinliklərə səbəb olub.

Şabran rayonunda icra olunan layihə 5 yaşayış məntəqəsini - Ağbaş, Uzunboyad, Söhbətli, Dağbilici və Sincanboyad kəndlərini əhatə edir. Ağbaş, Uzunboyad, Söhbətli və Sincanboyad kəndlərində yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi II Bakı Su Kəməri seçilib. Dağbilici kəndinin su təchizatı subartezian quyusu hesabına aparılacaq. Artıq Ağbaş, Uzunboyad, Söhbətli və Sincanboyad kəndlərində layihənin icrası yekunlaşıb. Dağbilici kəndində artezian quyusu qazılıb və nasos stansiyasının tikintisi davam etdirilir. Yaxın günlərdə işlər tam başa çatdırılacaq. Şabran rayonunda icra olunan layihədən 5 kəndin 5 400 sakini faydalanacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə daxil olmuş müraciətlər əsasında 2016-cı ildə Şabran rayonunun Təzəkənd və Dəvəçi kəndlərində içməli su layihəsi icra olunub və 1 700 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

AzVision.az

Teqlər: Azərsu