Vəkillər Kollegiyasının yeni sədri planlarını açıqladı

  08 Dekabr 2017    Oxunub : 906
Vəkillər Kollegiyasının yeni sədri planlarını açıqladı

“Növbəti 5 il ərzində qarşımızda çox önəmli vəzifələr durur”.

AzVision.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının yeni seçilən sədri Anar Bağırov deyib. O, bildirib ki, məqsəd ölkədə aparılan mütərəqqi məhkəmə-hüquqi islahatlarına lazımı töhfə verməkdir:

“Çalışacağıq ki, ölkəmizin ictimai həyatında fəal iştirak edək. Ölkə vətəndaşlarının hüquq və azadlıqlarının lazımı səviyyədə müdafiəsinə təminatı həyata keçirək. Eyni zamanda məqsədimiz odur ki, ölkədə vəkilliyin nüfuzu, vəkilliyə maraq artsın, gənc hüquqşünaslar vəkilliyə üz tutsunlar. Buun üçün tərəfimizdən bütün lazımı tədbirlər görüləcək. Həmçinin ödənişsiz hüquqi yardım institunun təşviqi qarşımızda duran vəzifələrdəndir. Başqa bir vəzifə vəkillərin peşə hazırlığının səviyyəsinin artırılmasıdır. Vəkillər Kollegiyası Ədliyyə Akademiyası ilə birgə tədbirlər planı, tədris proqramı hazırlayacaq. Məqsədimiz odur ki, ölkə vətəndaşlarına göstərilən hüquqi yardım konstitusiyanın 61-ci maddəsinə əsasən keyfiyyətli və onların maraqlarına uyğun olsun”.

Yeni sədr əlavə edib ki, Vəkillər Kollegiyasının beynəlxalq əməkdaşlığının inkişafı qarşıya qoyulan əsas vəzifələrdən biridir: “Çalışacağıq ki, nəinki ölkə daxilində, eyni zamanda vətəndaşlarımızın hüquqları xarici ölkələrdə də lazımı səviyyədə müdafiə olunsun. Biz vəkillər buna qadirik. Vəkillər Kollegiyasının xeyli sayda savadlı, hazırlıqlı, yüksək ixtisaslı və böyük təcrübəyə malik peşəkar vəkilləri var. Vəkillər Kollegiyasının potensialı çox böyükdür və bu potensialı daha da artıracağıq. Həmçinin Vəkillər Kollegiyasının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq qarşımızda duran məqsədlərdən biridir. Bunün üçün lazımı tədbirlər görüləcək. Həmçinin ictimaiyyətə müvafiq məlumat veriləcək”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Vəkillər-Kollegiyası