Saakaşvilinin ekstradisiyası üçün sorğu göndərilib
“Baş Prokurorluq Gürcüstan ərazisində cinayət törədən şəxsin bu ölkədə məhkəmə qarşısına çıxması üçün mümkün olan hər şeyi edəcək. Bizim Ukraynanın müvafiq orqanları ilə konkret əlaqələrimiz var və Saakaşvilinin vətəninə ekstradisiya edilməsi haqqında sorğu göndərilib”, - deyə Qoqadze qeyd edib.
Onun sözlərinə görə, bundan sonra Ukraynanın müvafiq orqanları Saakaşvilinin Gürcüstana ekstradisiya edilib-edilməməsi haqqında qərar verməlidir.
Qeyd edək ki, yanvarın 5-də Tbilisi şəhər məhkəməsi qiyabi olaraq ölkənin sabiq prezidenti Mixail Saakaşvilini 4 il müddətinə azadlıqdan məhrum edib. Amnistiya nəticəsində Saakaşvilinin həbs müddəti üç ilə qədər enib.
Sabiq prezident Sandro Qirqvlianinin işi üzrə “Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə” ittiham olunub. İstintaqın versiyasına əsasən, Mixail Saakaşvili Konstitusiya Təhlükəsizliyi Departamentinin sabiq rəhbəri Date Axaliyaya Sandro Qirqvlianinin qətlinə görə həbs olunanları əfv edəcəyinə söz verib. Bundan sonra Saakaşvili əfv komissiyasının qərarı olmadan Qerontiya Alaniya, Mixail Bibiluridze, Avtandil Apçiauri və Aleksandr Qaçayevi əfv edib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Saakaşvili Gürcüstan