Bakıda ağır qəzaya səbəb olan marşrut “BakuBus”-a verildi

Bakıda ağır qəzaya səbəb olan marşrut “BakuBus”-a verildi
  08 Yanvar 2018    Oxunub:5171
13.01.2018 tarixindən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “BakuBus” MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, dəyişiklik edilməsinə səbəb 175 nömrəli marşrut üzrə daşıyıcının işində ciddi nöqsanlara yol verməsidir.
"Belə ki, 06.01.2018 tarixində çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi də məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Sərnişinlərin təhlükəsizliyinə hər zaman önəm verən Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırda marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib".

Məlumatda bildirilib ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. 13.01.2018 tarixindən bu xətti üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən “28 may” metrostansiyasınadək hərəkət edəcək.

"Məlumat üçün qeyd edək ki, 175 nömrəli marşrut xəttinin müvəqqəti istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 21 olacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: BNA  





Xəbər lenti