Baş nazirin müavini səfirlə görüşüb

  08 Yanvar 2018    Oxunub : 381
Baş nazirin müavini səfirlə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov yanvarın 8-də Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas ilə görüşüb.

Komitədən AzVision.az-a bildiriblər ki, görüşdə ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayan Əli Həsənov Kestutis Yankauskasın Azərbaycandakı fəaliyyəti müddətində bu əməkdaşlığın müxtəlif sahələrdə daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə məlumat verən Baş nazirin müavini qeyd edib ki, Çar Rusiyasının və keçmiş sovet hökumətinin köməyi ilə ermənilər Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaratdılar. Bu gün onların Yerevan adlandırdıqları torpaqda azərbaycanlıların İrəvan xanlığı olub və XIX əsrin əvvəlində orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. “Lakin bütün bunlar onlara bəs etmədi. Tədricən bizim digər torpaqlarımızı da işğal etdilər - Zəngəzur, Göyçə mahalları SSRİ tərəfindən ermənilərə hədiyyə verildi. Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 100 ildə 4 dəfə deportasiya edilib. Sonuncu deportasiya M.Qorbaçovun prezident olduğu dövrdə həyata keçirilib. O, deportasiya deyil, əslində etnik təmizləmə oldu”,- deyə Əli Həsənov vurğulayıb.

Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, bütün infrastrukturun dağıdıldığını diqqətə çatdırıb.

Əli Həsənov qeyd edib ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli ilə bağlı mötəbər beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir. Məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu iyirmi beş ildən artıq müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, ortaya heç bir səmərəli nəticə qoymayıb.

Münaqişənin həlli ilə bağlı avropalı diplomatın sualına cavab verən Əli Həsənov bildirib ki, Azərbaycanın Prezidenti İlham Əliyev münaqişənin sülh yolu ilə həllinə nail olmağa üstünlük verir və hər zaman müstəqil siyasət yürüdür. Azərbaycan bölgədə sabitliyin, əmin-amanlığın təmin olunmasında, əməkdaşlığın inkişafında maraqlıdır. Bunun üçün ilk növbədə, beynəlxalq qurumların qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Ermənistan intensiv olaraq, danışıqlar prosesini pozur. Ermənistan hakimiyyəti münaqişənin həllini istəmir və qeyri-konstruktiv mövqe tutmaqda davam edir.

Bildirilib ki, bu gün Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemini idarə etmək üçün xüsusi sistem, mexanizm qurub. Ulu öndər Heydər ƏliyevPrezident İlham Əliyev ölkəmizdə qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində böyük işlər görüblər. Ümumilikdə indiyədək respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 97 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilib, 265 min nəfər bu qəsəbələrə köçürülüb.

Bunlarla yanaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox ciddi tapşırıqlar verib və bu işlər uğurla davam etdirilir.

Avropa İttifaqı tərəfindən Azərbaycanda məcburi köçkünlər üçün hər biri 200 yığma evdən ibarət 16 fin qəsəbəsinin salınmasını xatırlayan Əli Həsənov qeyd edib ki, 1990-cı illərin əvvəllərində ağır vəziyyətlə üzləşmiş Azərbaycanda beynəlxalq humanitar təşkilatların göstərdikləri həmin yardımlar çox vacib idi. O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı yox idi. Əgər bu təşkilatlar o vaxt ölkəyə gəlməsəydilər ölkədə humanitar fəlakət yaranardı.

Bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini deyən Əli Həsənov ölkəmizdə bütün sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

O qeyd edib ki, Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların mənzil probleminin həlli ilə bağlı gördüyü işlər alqışa layiqdir.

Kestutis Yankauskas məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə səfər etmək və gələcəkdə onlar arasında müvafiq inkişaf layihələrinin həyata keçirilməsini nəzərdə tutduqlarını bildirib.

AzVision.az

Teqlər: Əli-Həsənov   Avropa-İttifaqı