"AŞPA-da bəzi deputatlar erməni işğalını ört-basdır edir"

  08 Yanvar 2018    Oxunub : 1106
"AŞPA-da bəzi deputatlar erməni işğalını ört-basdır edir"

“Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında öz marağında olan bütün məsələləri qaldıracaq”

Bunu AzVision.az-a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayev bildirib.

Deputat qeyd edib ki, Azərbaycanlı deputatlar AŞPA-nın qış sessiyasında hazırlıqlı vəziyyətdə iştirak edəcək:

“Yeni ilin ilk sessiyasında müəyyən prosedur qaydaları həyata keçiriləcək. Gözləyirik ki, Azərbaycan sessiyada öz marağında olan bütün məsələləri qaldıracaq və cavablarını tapacaq. Biz öz fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycanın bütün istiqamətlərdə problemlərini birgə müzakirə etməyə hazır olduğunu bütün dünya görür. Ermənistan yalançı siyasətlə özlərinin daxilində olan insan haqları ilə bağlı məsələləri, terrorçuları dəstəkləmə proqramları, faşizmə dəstəklərini ört-basdır edir. Azərbaycan isə bütün məsələlərdə açıq dövlətdir”.

AŞPA-Azərbaycan münasibətlərindən danışan millət vəkili deyib: “Təəssüflər olsun ki, Ermənistanın siyasətini dəstəkləyən, erməni lobbisinin gücündən, imkanlarından yararlanan müəyyən qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirdilər. Bunun da yeganə səbəbi Ermənistanın işğalçı siyasətini ört-basdır etməkdir. Ötən il Azərbaycana qarşı ədalətsiz fikirlər səsləndirmişdilər. Bunun əksinə olaraq, Azərbaycanın xarici siyasəti hər zaman olduğu kimi ötən il də uğurlu oldu. Bunun nəticəsidir ki, istər AŞPA, istərsə də Avropa Parlamentində qəbul olunan bütün ciddi və lazımlı sənədlər xeyrimizədir.

Bu yaxınlarda Avropa parlamentində ədalətli qətnamə qəbul olunudu. 400-dən çox avroparlamentari qətnaməni dəstəklədi. Amma, Azərbaycana qarşı atılan qərəzli addımlarda erməni lobbisinin təsiri altında olan, şəxsi mənafelərini güdən 30-35 nəfər bizə qarşı çıxış etdi. Ümumilikdə isə Azərbaycanın həm daxili, həm xarici siyasəti uğurla aparılır”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Azərbaycan   AŞPA   Rövşən-Rzayev