Azərbaycanda yeni iş yerləri yaradılacaq

Azərbaycanda yeni iş yerləri yaradılacaq
  11 Yanvar 2018    Oxunub:1881
"Yeni iş yerlərinin yaradılması istiqamətində işlər davam etdiriləcək. Ötən il bu sahədə çox əlamətdar il olub. Ancaq bu, daimi proses olmalıdır. Çünki bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda əhali artır. Bu da çox müsbət haldır və eyni zamanda, ölkəmizdə gedən uğurlu proseslərin təzahürüdür. Çünki əhalinin artımı onu deməyə əsas verir ki, ölkə düzgün istiqamətdə inkişaf edir"
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Ölkə başçısı bildirib ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir: "Bu, bizim potensialımızı gücləndirir, eyni zamanda, daim qarşımızda vəzifələr - ilk növbədə, infrastrukturla, sosial infrastrukturla və iş yerlərinin yaradılması ilə bağlı vəzifələr qoyur. Əhali artdıqca məktəblərin, uşaq bağçalarının sayı da artmalıdır. Bu məqsədlər üçün yeni yerlər müəyyən edilməlidir, yol infrastrukturu genişləndirilməlidir, digər kommunikasiyalar – su, qaz, elektrik xətləri çəkilməlidir. Bax, deməli, demoqrafik artımın əlamətləri bundan ibarətdir. Bu da əlavə xərc tələb edir. Dövlət büdcəsindən infrastruktur layihələrinə qoyulan xərclər daim artır".

Prezident, həmçinin qeyd edib: “Keçən il biz nə qədər böyük işlər görmüşük. Ona görə yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. 2004-cü ildən bu günə qədər iki milyona yaxın yeni iş yeri açılıb. Amma baxın, əhali də nə qədər artıb. Bu gün Azərbaycan əhalisi 10 milyona yaxınlaşır. Bizim əhalimiz sovet dövrünün son mərhələsində 7 milyon, bəlkə də ondan bir qədər çox idi. Görün, müstəqillik illərində əhalimiz nə qədər artıb. Bu, bizim böyük gücümüzdür, gücümüzü artırır, eyni zamanda, qarşımızda vəzifələr qoyur. Ona görə bu il də yeni iş yerlərinin yaradılması ilə bağlı addımlar atılacaq. İqtisadi sahəyə, sənaye potensialımızın, kənd təsərrüfatının inkişafına göstərilən dəstək və əldə edilən nəticələr deməyə əsas verir ki, yeni iş yerlərinin yaradılması prosesi bu il də sürətlə gedəcək”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Nazirlər-Kabineti  





Xəbər lenti