Qəbələ və Qusara dəmir yolu xətləri çəkiləcək

  10 Yanvar 2018    Oxunub : 1626
Qəbələ və Qusara dəmir yolu xətləri çəkiləcək
Bu ilin investisiya proqramında Bakı-Yalama dəmir yolunun təmiri, yenidən qurulması məsələsi əksini tapıb. Eyni zamanda, Bakı-Astara dəmir yolunun xüsusilə dənizə yaxın olan hissəsinin köçürülməsi məsələsi də öz həllini tapacaq.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.

Dövlətimizin başçısı qeyd edib ki, bunun həm turizm, həm də yükdaşımalar üçün böyük əhəmiyyəti olacaq. Turizmin inkişafı üçün daha bir layihə dövlət investisiya proqramına salınıb. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək.

“Növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişini təmin etmək bizim planlarımızdadır. Bu layihəni biz əlbəttə ki, Bakı-Yalama dəmir yolu ilə uzlaşdırmalıyıq. Çünki Şahdağa dəmir yolu ilə getmək üçün gərək o sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq. Bu da bizim planlarımızda var. Ona görə, istərdim ki, Azərbaycan ictimaiyyəti bunu bilsin” – deyə Prezident İlham Əliyev vurğulayıb.

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident