Fürerin sevimli təxribatçısı – GİZLİ TARİX

  22 Yanvar 2018    Oxunub : 8370
Fürerin sevimli təxribatçısı – GİZLİ TARİX
İkinci Dünya müharibəsi zamanı SSRİ-də siyasi mühacirlər, komsomol fəalları, sərhədçilər, ticarət donanmasının radistləri, idmançılardan ibarət xüsusi təyinatlı könüllülər briqadası yaradılmışdı. Düşmənin arxasına iki mindən artıq kəşfiyyat-təxribat qrupu göndərilmişdi ki, onlar işğal olunmuş sovet ərazilərində partizanların əsas dayağı idilər. Çox hallarda həmin dəstələrə peşəkar kəşfiyyatçılar başçılıq edirdilər.
Stalinin ölümündən bir qədər əvvəl Beriya ilə onun arasında Yuqoslaviya lideri İosif Broz Titonun öldürülməsi planı müzakirə olunmuşdu. Bu məsələni Trotskinin aradan götürülməsi əməliyyatında iştirak etmiş agent “Maks”a tapşırmaq qərara gəlinmişdi. Lakin Stalinin ölümü bu planın həyata keçirilməsini təxirə saldı, daha sonra isə məsələ bir daha müzakirə olunmadı.

Almaniya kəşfiyyatı da təxribatçı agentlərdən geniş istifadə edirdi. İkinci Dünya müharibəsinin məşhur təxribatçı agenti Otto Skortseninin (1908-1975) fəaliyyəti buna ən parlaq nümunələrdən biri ola bilər. Onun haqqında yazırdılar ki, nə real həyatda, nə də bədii ədəbiyyatda və filmlərdə Avropanın müxtəlif ölkələrində məxfi tapşırıqlar yerinə yetirən bu SS zabiti qədər inanılmaz macəralar yaşamış ikinci bir qəhrəmana rast gəlmək mümkün deyil.

Skortseninin qatı faşist olduğu məlumdur. Bunu 1960-cı ildə onun dediyi sözlər də təsdiqləyir: “Əgər bu gün Hitler sağ olsaydı, mən sözsüz ki, onun yanında olardım”.

Mənşəcə avstriyalı olan Otto Skortseni 1934-cü ildə faşistpərəst Anşlyus (Almaniyanın Avstriyanı ilhaq etməsi) hərəkatına qoşulmuşdu. Buna qədər isə o, hələ tələbə ikən faşist Almaniyası xüsusi xidmət orqanının başçısı Kaltenbrunnerlə tanış olmuş və onlar dostlaşmışdılar. Bu tanışlıq onun həyatında böyük rol oynamışdı. Onların hər ikisi yalnız irqçiliyə və böyük Almaniya ambisiyalarına sitayiş edən tələbələrin üzvülüyə seçildiyi “Akademik legion”a qoşulmuşdular.

Kaltenbrunner Skortsenini Avstriya faşistlərinin füreri Artur Zeys-İnkvartla tanış etmişdi. 1934-cü ildə Otto SS təşkilatına üzv qəbul olunmuşdu. Həmin ilin ortalarında Avstriyanın Almaniyaya birləşdirilməsi üçün dövlət çevrilişi cəhdi baş veribmişdi. SS-çilər dəstəsi Skortseninin başçılığı ilə Avstriya kanslerinin sarayına soxulması nəticəsində kansler Dolfus həlak olmuşdu. Lakin təxribatçılar istədiklərinə nail ola bilmədilər və gizli fəaliyyətə keçməyə məcbur oldular.

1938-ci ildə Hitlerin göstərişi və Kaltenbrunnerlə Zeys-İnkvartın rəhbərliyi ilə Avstriyanın yeni ilhaqı planını hazırlandı. Skortseninin komandanlığı ilə iyirmi nəfər SS-çi Avstriya prezidenti Miklasın kabinetinə daxil olub, onu həbs edərək, naməlum istiqamətdə apardılar. Onun ardınca kansler Şuşniq də həbs edildi və müharibənin sonunadək faşist həbs düşərgəsində saxlanıldı. Bu hadisələrin ertəsi günü Vyanaya faşist qoşunları daxil oldu və Avstriyanın müstəqilliyinə son qoyuldu.



1938-ci il noyabr ayının 9-da Skortseni “Qırmızı xoruz” adlı antisemit əməliyyatında iştirak edir. Gerinqin bununla bağlı hesabatında deyilirdi ki, yüz doxsan bir sinaqoq yandırılıb, altmış altısı tamamilə yerlə-yeksan edilmiş, yəhudi qəbirstanlıqları dağıdılıb, iyirmi min nəfər yəhudi həbs olunub. Bunun müqabilində sahibi yəhudi olan dəbdəbəli villa Hitler tərəfindən Skortseniyə verilmişdi.

İkinci Dünya müharibəsi başlayanda Skortseni SS-in “Das Reyx” diviziyasının unterşarfüreri (unter-zabiti) olur. O, Belçika, İtaliya, Fransa, Hollandiya, Yuqoslaviyada gedən əməliyyatlarda iştirak etmişdi. 1943-cü ildə Hitler qaydasız müharibənin aparılması haqda əmr vermişdi. Bu zaman Skortseninin keçmiş dostu, artıq Baş İmperiya Təhlükəsizliyi İdarəsinin rəhbəri olmuş Kaltenbrunner onu Berlinə çağıraraq, “Oranienburq xüsusi təyinatlı kursları” adı altında fəaliyyət göstərən, əslində isə SS bölmələri olan qurumun rəhbəri təyin edir.

Bu kurslar əslində kommandos hazırlığı ilə məşğul olan yüksək ixtisaslı kəşfiyyatçılar və diversantlar məktəbi idi. Orada insanların izsiz aradan götürülməsi, paraşütdən tullanma, sualtı minaların tətbiq edilməsi və digər diversiya metodları öyrədilirdi. Sualtı qayıqlar və uzaq radiuslu təyyarələr mühüm əməliyyat tapşırıqlarını yerinə yetirmək üçün məktəbin məzunlarını dünyanın müxtəlif guşələrinə çatdırırdı. Onların hər birinə düşmənə qarşı istifadə ediləcək zəhərli güllələrdən başqa özləri üçün öldürücü dozada kalium sianid maddəsi verilirdi. Onların diri təslim olmaq haqqı yox idi. Qeyd etmək lazımdır ki, zəhər Zaksenhauzen konslagerində məhbuslar üzərində sınaqdan keçirilmişdi və Skortseni bunu bilirdi.

Skortseninin agenturasına çoxlu pul tələb olunurdu. Lakin xaricdə alman markasından istifadə edilmirdi, Üçüncü Reyxin dollar və funt sterlinq ehtiyatı isə getdikcə tükənməkdə idi. Buna görə də saxta pul buraxılması planı işlənib hazırlandı. Həmin işə Skortseninin dostu, SS-in oberşturmbanfüreri Bernhard Krüger rəhbərlik etməyə başladı. “Andreas əməliyyatı” kod adını almış plan bəşəriyyət tarixində ən genişmiqyaslı saxta pul buraxılması əməlyyatı idi.

İlk dövrlərdə əsas səylər ingilis funt sterlinqinin çap olunmasına yönəlmişdi. Əməliyyat 1940-cı ildə başlamış və yalnız iki il yarımdan sonra əsl əskinaslardan fərqlənməyən min funt sterlinqlər çap olunanadək davam etdirilmişdi. Pulların buraxılması üzərində esesçilər özləri deyil, Zaksenhauzen həbs düşərgəsində saxlanılan istedadlı rəssamlar, mühəndislər və kağız istehsalı üzrə mütəxəssislər işləyirdilər. Həmin yüz otuz nəfər məhbusdan heç biri sağ qalmamışdı.

Otto Skortseniyə agenturanın saxlanılması üçün çoxlu pul tələb tələb olunduğundan, onun təklifilə ən qiymətli mütəxəssislər özünün bombardmanlara məruz qalmayan Fridental malikanəsinə köçürülərək, orada saxta əskinas istehsalı ilə məşğul olmağa davam etmişdilər.



Almanların Kursk yaxınlığında məğlubiyyətindən və ingilis-amerika qoşunlarının Siciliyanı tutmasından sonra İtaliya hökuməti faşistlərin müharibəni uduzduğunu dərk etməyə başladı. İtaliyanı yalnız Mussolinini hakimiyyətdən uzaqlaşdırmaqla xilas etmək olardı.

1943-cü il iyul ayının 25-də İtaliya kralının hüzuruna məruzə ilə çıxış etməyə gələn Mussolini həbs edilir. Yeni baş nazir general Badolyo ABŞ və İngiltərə ilə sülh danışıqlarına başladı. İngilislər və amerikalılar Mussolinin verilməsini tələb etsə də, Badolyo vaxtı uzatmağa çalışaraq, vaxtaşırı onun yerini dəyişərək bir saxlanılma yerindən digərinə göndərirdi. Nəhayət, Mussolini yalnız asma yol vasitəsilə əlaqə saxlanıla bilən “Kampo imperatore” ucqar dağ massivindəki turist otelində yerləşdirildi.

Mussolinin həbsinin ertəsi gün Hitler Skortsenini yanına çağıraraq, nəyin bahasına olursa-olsun, onu xilas etmək göstərişi verdi. Bir neçə həftəlik axtarşılardan sonra nəhayət, Skortseni onun yerini müəyyənləşdirə bildi. Bu işdə Mussolinin məxfi xidmətində işləmiş italyan faşistləri öz alman həmkarlarına yaxından kömək etdilər.

Skortseni yüz altı nəfərdən ibarət qrup yaradaraq, 1943-cü il sentyabr ayının 12-də planerlərlə Mussolinin saxlanıldığı dağlara üçdular. Cəmi on iki desant planeri var idi ki, onlardan da ikisi uçuş və enmə zamanı qəzaya uğradı. Skortseninin özü qrup üzvlərilə birlikdə otelin bir neçə metrliyində yerə enərək, hücuma keçdilər. Onlar otelin mühafizəçilərini qəfil yaxaladılar. Otelin komendantı olan italyan generalı təslim olmaq əlaməti kimi Skortseniyə bir qədəh çaxır gətirdi. Əməliyyatın gedişini Skortseninin özü ilə gətirdiyi operator lentə alırdı. Tezliklə Mussolinini aparmaq üçün ora ikiyerli təyyarə gəlsə də, Skortseni ona minən üçüncü şəxs oldu. Yüz doxsan beş santimetr boyu olan alman təxribatçı Mussolinini şəxsən müşayət etmək istəyirdi.

Əməliyyatın uğurla başa çatması barədə həmin gün alman radiosu təntənəli xəbər yaydı. Uğurla başa çatmış əməliyyat faşistlərin genişmiqyaslı təbliğata başlamasına səbəb oldu. Hitler və Göbbelsə alman xalqında ruh yüksəkliyi yaratmaq üçün qəhrəman obrazı yaratmaq lazım idi. Qəzetlər, radio və televiziyalar onun haqqında saysız-hesabsız məqalələr dərc etməyə başladılar. “Alman qızları ittifaqı” onu alman irqinin rəmzi elan etdi. Skortseni Mussolinini şəxsən Hitlerin yanına apardıqdan sonra isə o, faşistlərin qəhrəmanlıq rəmzinə çevrildi. Skortseniyə SS-in şturmbanfürer (mayor) rütbəsi verildi və “Cəngavər xaçı”nı Hitler şəxsən onun boynuna taxdı.

Mussolini İtaliyanın şimalında öz marionet hökumətini yaratdı və Almaniyanın müttəfiqi kimi müharibəni davam etdirdiyini elan etdi. 1945-ci ildə italyan vətənpərvərləri onu tutaraq, yanacaqdoldurma məntəqəsində ayaqlarından asdılar.

(Ardı var)



Nəzakət Məmmədova
AzVision.az üçün

Teqlər: #Kəşfiyyat   #Təxribat   #Skortseni