Deputat Məmmədov Xocalıya qayıtmaq istəyir

Deputat Məmmədov Xocalıya qayıtmaq istəyir
  30 Yanvar 2018    Oxunub:2197
“Mən məcburi köçkünəm. Arzum budur ki, Xocalı işğaldan azad olunsun, öz doğma yurd-yuvama qayıdam, sönmüş ocağımı yandıram, doğulduğum yerdə yaşayam”.
Bu fikirləri AzVision.az-a Milli Məclisinin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

Prezidentin ötən gün regionların inkişafına həsr olunan konfransdakı çıxışına toxunan deputat bildirib ki, ölkəmizdə məcburi köçkünlərə hər zaman qayğı göstərilir.

“Təminatımız yüksək səviyyədədir. Müqəddəs torpaqlarımızın işğaldan azad olunması, doğma yurd-yuvamıza qayıtmaq, orada yaşamaq, fəaliyyət göstərmək hər şeydən üstündür. İstiqaməti buna uyğun götürmüşük. Görülən bütün işlərdə məqsəd Azərbaycanın adını günü-gündən yüksəltmək, müdafiə qüdrətimizi artırmaq və son nəticədə torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü təmin etməkdir. Azərbaycan prezidenti İlham Əliyevin istər ölkə daxili, istərsə də beynəlxalq əhəmiyyətli tədbirlərdə etdiyi bütün çıxışlarında Dağlıq Qarabağ münaqişəsi, ərazi bütövlüyümüzün təmin olunması məsələsi ön plandadır. Yəni, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün həll olunmamış bir nömrəlim problemdir. Təbii ki, məqsədimiz ölkə başçısının rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etmək, insanlarımızı doğma yurd, yuvalarına qaytarmaqdır”.

Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən və ölkə başçısı İlham Əliyevin prezidentliyi dövründə qaçqın və məcburi köçkünlərin qayğıları həmişə diqqət mərkəzindədir: “Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təminatı istiqamətində işlər davam edir. Müxtəlif regionlarda qaçqın və məcburi köçkünlər üçün 200-ə qədər qəsəbə salınıb. Ancaq, bu qəsəbələrdən ikisi xüsusi əhəmiyyətə malikdir. Birincisi işğaldan azad edilmiş Cocuq Mərcalı kəndindədir. İkinci isə hazırda Tərtər rayonu ərazisi hesab olunan keçmiş Ağdərənin ərazisində salınan qəsəbədir. Bu qəsəbələrə edilən köçürülmələr zamanı ölkə başçısının dediyi sözlər təsdiqini tapdı ki, məcburi köçkünlər hər zaman öz doğma yurd-yuvalarına qayıtmaq arzusu ilə yaşayırlar”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Elman-Məmmədov   Deputat  





Xəbər lenti