Deputat qum-çınqıldan danışdı, spiker irad tutdu

  01 Fevral 2018    Oxunub : 743
Deputat qum-çınqıldan danışdı, spiker irad tutdu
“Azərbaycada çay kənarlarındakı qum, çınqıl daşınır. Kim düşünürsə ki, qum, çınqıl balaca varlıqdır, onlar yanlışdır, bunlardan milyonlar qazananlar var. Buna qarşı cərimə cəmi 12 min manatdan ibarətdir. Cəriməni artırmaq lazımdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib. Deputat bildirib ki, çayların özəl sahibi yoxdur, indi Misir dövrü deyil ki, kimsə çayı hissə-hissə bölüb fironluq etsin:

“Hökumət tərəfindən ciddi hesabatlar hazırlanıb. Fövqəladə Hallar Nazirliyi bu məsələyə ciddi dirəniş göstərir. Görünür, ayrı-ayrı qüvvələr özünü toxunulmaz hiss edir. Milli Məclisdə bununla bağlı məsələyə baxmaq lazımdır”.

Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca cavab verib: “Biz hər məsələni qanunla bağlayırıq. Düzdür, Milli Məclis qanunlar qəbul edir, dəyişikliklər edir. Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin öz funksiyası var. Qanunvericiliyin də öz istiqaməti var. Yəni hər funksiyanı Milli Məclisin üzərinə qoymaq olmaz”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Zahid-Oruc   Milli-Məclis