Alpinistlərin axtarışı iki istiqamətdə davam etdirilir

  05 Fevral 2018    Oxunub : 4109
Alpinistlərin axtarışı iki istiqamətdə davam etdirilir

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Bu barədə AzVision.az-a “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib. O, bildirib ki, alpinistlərin axtarışları Xınalıq və Tufandağ istiqamətində aparılır.

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. Daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar , Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunaraq axtarışa başlanılıb.



Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açılıb. Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Alpinist   İtkin   Axtarış