Azərbaycanda 2 milyondan çox ailə var

Azərbaycanda 2 milyondan çox ailə var
  06 Fevral 2018    Oxunub:3027
Ailələrin sayı artıb, qanunvericilikdə dəyişikliklər edilib, erkən nikahların, ana ölümünün, məişət zorakılığı faktlarının sayı azalıb. AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, ailələrin sayı 2006-cı ildə 1 817 500 idisə, 2017-ci ilin əvvəlinə 2 084 500 olub. 2003-cü ildə hər 100 000 nəfər diri doğulana ana ölümü 34,2 promil təşkil edirdisə, 2016-cı ildə 13,8 promil təşkil edib.

Komitə sədri qeyd edib ki, əhalinin hər 1000 nəfər diri doğulanına körpə ölümü 2003-cü ildə 15,5, 2016-cı ildə isə 11,4 promil olub. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılıb: “Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” dair və bir sira digər məsələlərlə bağlı dövlət proqramları təsdiq edilib, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri qəbul edilib”.

AzVision.az


Teqlər: Hicran-Hüseynova   Komitə   Ailə  





Xəbər lenti