"Azərbaycanda seçki qanunvericiliyi təkmildir" - Natiq Məmmədov

"Azərbaycanda seçki qanunvericiliyi təkmildir" - Natiq Məmmədov
  27 Fevral 2018    Oxunub:3076
Mərkəzi Seçki Komissiyası (MSK) maarifləndirmə proqramı çərçivəsində növbəti layihəyə - seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üçgünlük seminarlara start verib.
AzVision.az-ın məlumatına görə, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə yönəlmiş birinci seminarda MSK üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi və Komissiya Katibliyinin təmsilçiləri iştirak ediblər.

Çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, bu il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar MSK seçkilərin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsinə, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsinə hədəflənmiş müxtəlif səpgili irimiqyaslı layihələri davam etdirir:



“Seminarların keçirilməsində məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatların artırılması, praktiki vərdişlərin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir. Martın 1-dək davam edəcək seminarların ümumilikdə ölkə üzrə 125 dairə seçki komissiyasının bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur. Azərbaycan dövləti xalqın iradəsinin azad şəkildə yerinə yetirmək üçün şərait yaradıb. Hər bir seçicinin səsi azad ifadə olunmalıdır".

MKS sədrinin müavini bildirib ki, Azərbaycanda seçki qanunvericiliyi təkmildir: “Bu qanunvericilik dünyada olan beynəlxalq tələblərə uyğundur. Komissiyaların fəaliyyəti üçün təminat var. İş şəraiti yüksəkdir. Azərbaycan bu məsələdə dünyada öncül yerlərdən birini tutur. Aparılan maariflərndirmə bütün seçki subyektləri üçündür. 10 il əvvəllə müqayisədə seçkilərlə bağlı müraciətlərin sayı azalıb. Bu, aparılan geniş maarifləndirmə işləri nəticəsində seçki subyektlərinin maariflənməsi ilə bağlıdır".



Çıxış edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib ki, Azərbaycanın seçki qanunvericiliyi Avropa Şurasının standartlarına cavab verir: “Azərbaycanda seçki mədəniyyəti artıb, seçki mühiti təkmilləşib. Bu da ona gətirib çıxarıb ki, seçkilərlə bağlı şikayətlərin sayı azalıb. Avropa Məhkəməsi Azərbaycanda seçkilərlə bağlı ciddi pozuntular aşkar etməyib. Burada söhbət ancaq texniki məqamlarla bağlı olub. Bununla belə Avropa Məhkəməsinin qərarlarının təhlili göstərir ki, bir sıra sahələrdə təkmilləşdirilmənin aparılmasına ehtiyac var. Məsələn, namizədin qeydə alınması və ləğvi barədə keçirilən iclaslar. Bu şəxs iclasa dəvət olunmalı, onun mövqeyi nəzərdən keçirilməlidir".

Seminarda MSK üzvü Bəxşeyiş Əsgərov “Seçki hüququnun pozulmasından verilən müraciətlərə dair tələblər və müraciətlərin verilməsində subyekt, aidiyyət, səlahiyyətli orqan və müddət məsələləri”, MSK üzvü Ramiz İbrahimovun “Seçki hüquqlarının pozulması haqqında müraciətlərin araşdırılması və onlara baxılmasına dair tələblər” mövzularında çıxışları olub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Seminar  





Xəbər lenti