“AXCP və Müsavatın gücü olsaydı, seçkiyə qatılardı” – Sərdar Cəlaloğlu

“AXCP və Müsavatın gücü olsaydı, seçkiyə qatılardı” – Sərdar Cəlaloğlu
  01 Mart 2018    Oxunub:2200
“AXCP və Müsavat partiyalarının aksiyalar keçirməyə gücü olsaydı, prezident seçkilərində iştirak edərdilər”.
Bunu AzVision.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu radikal müxalifətin aksiya keçirməklə bağlı qərarına münasibət bildirərkən deyib.

Partiya sədri hesab edir ki, seçkini boykot etmək yalnış addımdır: “Seçki demokratik prossesdir, konstitusion normadır. Heç kim bu normaya qarşı çıxış edə bilməz. Konstitusiyanın 70-ci maddəsində qeyd olunur ki, hansısa ad altında vətəndaşların hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Ona görə də siyasi baxımdan vətəndaşları seçkilərdən yayındırmağa çalışmaq, dövlətin və cəmiyyətin həyatında iştirakdan çəkindirməyə cəhd konstitusion normanın pozulmasıdır.

İkinci, əgər kifayət qədər böyük bir güc meydana çıxarmasalar, seçkiləri boykot edən kəsimin cəmiyətdə azlıq təşkil etdiyini nümayiş etdirəcəklər. Bu da onların əleyhinə işləyəcək. Bunlar etiraz aksiyasına 100 minlərlə insan cəlb etməlidirlər ki, bu da mümkün olan iş deyil. Eyni zamanda qeyd edim ki, onların boykot qərarına azsaylı kəsim dəstək verir”.

S.Cəlaloğlu vurğulayıb ki, AXCP və Müsavat mitinq keçirərsə, nəticəsi uğurlu olmayacaq: “Onların qərarları zəncirvari səhvlərlə yekunlaşacaq. Birinci, seçkidə iştirak etməmək, ikinci, seçki əleyhinə kütləvi aksiyalar keçirmək, növbəti addımlar da məntiqi olaraq səhv və uğursuz olacaq. Ən yaxşısı odur ki, onlar seçkidə iştirak edən müxalifət nümayəndələrini dəstəkləsinlər. Vəziyyətdən yalnız bu yolla çıxa bilərlər. Əks təqdirdə özləri üçün yaratdıqları torda ilişib qalacaqlar, qərarları öz əleyhlərinə işləyəcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Sərdar-Cəlalolğu   Mitinq  





Xəbər lenti