Ədliyyə naziri Qubada vətəndaşları qəbul edib

Ədliyyə naziri Qubada vətəndaşları qəbul edib
  08 Mart 2018    Oxunub:2069
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, martın 7-də ədliyyə naziri Fikrət Məmmədov Quba rayonunda Quba, Xaçmaz və Qusar rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbuluna və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının, o cümlədən rayonda yerləşən 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin, habelə Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi Quba “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub, ədliyyə işçiləri ilə müşavirə keçirib.

İclasda ədliyyə fəaliyyətində şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunub, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, Quba Rayon Məhkəməsinin yeni müasir binasının fəaliyyəti və burada iş şəraiti ilə tanışlıq olub. Keçirilən müşavirə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlətimizin başçısının tapşırıqlarından və qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələn vəzifələrə toxunulub.

Səfər çərçivəsində ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramını bildirib. Nazir ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında Azərbaycan Prezidentinin cari ilin yanvarında imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Sərəncamının müstəsna əhəmiyyətini vurğulayıb.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Fikrət-Məmmədov  





Xəbər lenti