Bakıda polis silahlı şəxsi döyüş fəndi ilə zərərsizləşdirdi - FOTO

Bakıda polis silahlı şəxsi döyüş fəndi ilə zərərsizləşdirdi - FOTO
  23 May 2018    Oxunub:29870
Mayın 22-də saat 22 radələrində Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Coşqun Sadıqov işdən sonra “Memar Əcəmi” metrostansiyasının yaxınlığından Xırdalan şəhərinə getmək üçün 135 nömrəli avtobusa minib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən AzVision.az-a məlumata görə, bir neçə dayanacaqdan sonra avtobusa minən bir nəfərin qeyri etik hərəkətləri hər kəsin diqqətini cəlb edib, sərnişinlərin haqlı narazıqlarına səbəb olub. Mülki geyimdə olan C.Sadıqov bir neçə dəfə ondan özünü intizamlı aparmasını tələb edib.

Lakin sərxoş vəziyyətdə olan şəxs deyilənlərə məhəl qoymadan avtobusdakı qadınlardan birinə yaxınlaşaraq nalayiq hərəkətlər etməyə başlayıb. Bu zaman qadının yaxını olan kişi ilə onun arasında mübahisə başlanıb və Xırdalan şəhərindəki dayanacaqların birində onlar avtobusdan eniblər. Sərxoş halda olan şəxs pencəyinin altından çıxardığı tapançanı onlara tərəf tuşlayıb, atəş açacağı ilə hədələməyə başlayıb. Bunu görən polis əməkdaşı cəld tərpənərək mübahisəyə müdaxilə edib, əlbəyaxa döyüş fəndi tətbiq edərək, onu tərksilah edib, silahı həmin şəxsin əlindən alıb.

Tərksilah etdiyi şəxsi saxlayaraq dərhal hadisə barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə məlumat verib. C.Sadıqov həmin şəxsi və maddi sübut kimi “Naqan” markalı tapançanı 7 ədəd patronla birlikdə hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayının 10-cu bölüyünün əməkdaşlarına təhvil verib. C.Sadıqov deyir ki, qadın çox qorxduğundan hadisə yerindən uzaqlaşmışdı.



Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı həmin şəxsin Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Sadıxov olduğu müəyyən edilib.

Qeyd edək ki, C.Sadıqov polis ailəsində dünyaya göz açıb. Atası Firdus Sadıqov da uzun illər daxili işlər orqanlarında xidmət edib, asayişin, sabitliyin keşiyində durub. Hazırda təqaüddədir. CSadıqov həm də peşəkar idmançıdır. O, idmanın kikboksinq növü üzrə Avroasiya çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibidir.

Azərbaycan Dövlət Televiziyası və Radioverilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin rəisi, polis polkovniki Xəqani Cəfərov C.Sadıqovun 2013-cü ildən DİO-da xidmət etdiyini, bu müddət ərzində bir neçə dəfə mükafatlara layiq görüldüyünü, verilən tapşırıqları vaxtında yerinə yetirdiyini, silahla davranış qaydalarını mükəmməl bildiyini, geyim formasının daşıma qaydalarına ciddi riayət etdiyini bildirdi.

AzVision.az


Teqlər: DİN   Polis   Avtobus  





Xəbər lenti