XİN rəhbərləri Bakıda Qarabağı müzakirə edib

  27 May 2018    Oxunub : 729
XİN rəhbərləri Bakıda Qarabağı müzakirə edib
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Fransa Respublikasının xarici işlər naziri Jan-Iv Lö Drianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən AzVision.az-a verilən məlumata görə, ölkəmizdə olmasından məmnunluğunu bildirən fransalı nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd etdi. Fransa xarici işlər naziri 1918-ci il 28 mayda bəyan edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan hökumətini və xalqını təbrik etdi.

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirən tərəflər əlaqələrin daha da dərinləşdirilməsində yüksək səviyyəli səfər mübadiləsinin əhəmiyyətini vurğuladılar. Nazirlər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdilər.

Nazirlər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu bildirərək, Azərbaycan və Fransanın işgüzar dairələri arasında qarşılıqlı şəkildə sərmayə qoyuşulunun təşviqinin və bu istiqamətdə fəaliyyət göstərən müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladılar. Həmçinin, tərəflər Azərbaycanın xüsusi imtiyazlı rejim əsasında fəaliyyət göstərən sənaye parklarında və sənaye məhəllələrində Fransa şirkətlərinin iştirakının və birgə istehsalat müəssisələrinin yaradılmasının zəruriliyini qeyd etdilər.

Nazir Elmar Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji, nəqliyyat və infrastruktur layihələrin haqqında danışaraq sözügedən layihələrin reallaşmasının regionda sabitliyə və inkişafa xidmət etdiyini dedi. O, bu layihələrin region ölkələri ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin və insanlararası təmasların artmasına xidmət edəcəyinə ümidvarlığını ifadə etdi.

Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərinə toxundular və Fransanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına göstərdiyi dəstək yüksək qiymətləndirildi.

Nazir Elmar Məmmədyarov bu il mayın 15-də Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdüyünü qeyd edərək münaqişənin həllində irəliləyişə nail olmaq üçün Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən hərbi işğal faktına son qoyulmalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarılmalı və məcburi köçkünlərin öz dogma torpaqlarına geri qayıtmasının təmin edilməli olduğunu vurğuladı. Elmar Məmmədyarov bir daha bildirdi ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllərə və qondarma rejimin nümayəndələrinin Avropa İttifaqı ölkələrinin ərazilərinə daxil olması məsələsinə toxunan Elmar Məmmədyarov münaqişənin danışıqlar yolu ilə həlli prosesinin tərkib hissəsi kimi bu kimi qanunsuz əməllərin qarşısının alınmasının vacibliyini diqqətə çəkdi.

Görüş zamanı həmçinin, elm, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Həmçinin, Azərbaycanda fransız dilinin tədrisi və təşviqi istiqamətində görülən tədbirlər təqdir edildi.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirdilər.

AzVision.az

Teqlər: XİN   Azərbaycan   Fransa