Güclü leysanın İsmayıllıya vurduğu ziyan açıqlandı

Güclü leysanın İsmayıllıya vurduğu ziyan açıqlandı
  28 May 2018    Oxunub:2334
Mayın 26-dan 27-nə keçən gecə İsmayıllı rayonunda leysan yağışı nəticəsində mülki tikililər və sosial obyektlərə ciddi ziyan dəyməyib.
Bu barədə AzVision.az-a İsmayıllı Rayon İcra Hakimiyətinin Fövqəladə Hallar Komisiyasının (FHK) sədri Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, leysan yağışı nəticəsində zərər görən elektrik təsərrüfatı tam bərpa olunub.

İcra rəsmisi güclü leysanın İsmayıllıya vurduğu ziyanı açıqlayıb: "7 kəndi təbii qazla təmin edən magistral qaz borusunun Ax-Ox çayı üzərindən keçən hissəsi selin təsiri nəticəsində qırılmışdı. Bu səbəbdən əhalinin qaz təchizatı dayandırılmışdı. Dünən çayda su çox olduğu üçün qaz kəmərini bərpa etmək mümkün olmadı, hazırda bərpa işləri aparılır. Ümumilikdə isə təbii fəlakət nəticəsində iki maşına zərər dəyib. Belə ki, yolda ağac maşınların üzərinə düşüb. Xəsarət alan olmayıb. Bundan əlavə kənd təsərrüfatına qismən zərər dəyib. Leysan yağışı taxıl zəmilərinə və meyvəçiliyə mənfi təsir edib".

R.Ağayev qeyd edib ki, leysan yağışı nəticəsində Girdiman çayının yaxınlığında olan qoyun sürüsü FHN-nin yerli qüvvələrinin köməyi ilə çıxardılıb. Lakin selə düşən 47 baş iri və xırda buynuzlu heyvan tələf olub.

Qeyd edək ki, ötən gün İsmayıllıda baş verən təbii fəlakət nəticəsində 60 kənd işıqsız, 7 kənd qazsız qalıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Leysan   Sel   İsmayıllı  





Xəbər lenti