ATƏT sədri seçkilərlə bağlı bəyanat verdi

  10 Oktyabr 2013    Oxunub : 857
ATƏT sədri seçkilərlə bağlı bəyanat verdi
Azvsison.az xəbər verir ki, ATƏT- in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycan keçirilən prezident seçkiləri ilə əlaqədar bəyanatla çıxış edib.
APA-nın Ukrayna Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə bəyanatda Azərbaycandakı seçkilər “demokratiyaya doğru əhəmiyyətli bir addım” adlandırılıb:"Oktyabrın 9-da Azərbaycan xalqı öz prezidentini seçmək üçün seçki məntəqələrinə getdi. Mən Azərbaycanda keçirilən prezident seçkilərinin ATƏT, AŞ, AB, MDB və s nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyaları, həmçinin ATƏT-ə üzv dövlətlərin milli nümayəndələri tərəfindən izlənilməsini alqışlayıram. ATƏT-in qısamüddətli seçki müşahidə missiyasına ATƏT sədri tərəfindən təyin olunan xüsusi kordinator Mişel Vuazen rəhbərlik edib”.
L. Kojara ATƏT, Avropa Şurası və Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların seçkilərlə bağlı ilkin bəyanatları ilə tanış olduğunu da vurğulayıb: “Beynəlxalq müşahidəçilərin bəyanatlarında belə qənaətə gəlinib ki, ATƏTAvropa Şurasının standartlarına uyğun olaraq, Azərbaycanda keçirilmiş prezident seçkilərində bir sıra aspektlərdə, demokratik seçkilərin keçirilməsində və başqa sahələrdə tərəqqiyə nail olunub. Eyni zamanda daha da yaxşılaşdırılmasında ehtiyacı olan sahələr qeyd olunub”.
ATƏT rəhbəri Azərbaycan xalqı və rəhbərliyini ölkənin demokratik inkişafında mühüm addım olan nailiyyət münasibətilə təbrik edib.
O həmçinin, Azərbaycanın demokratik institutların daha da möhkəmlənməsi yolunda səylərini bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.
Leonid Kojara ATƏT və Azərbaycan arasında ATƏT-in prinsip və öhdəliklərinin reallaşdırılmasına istiqamətlənmiş qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.
* * *
“Builki prezident seçkilərini çoxsaylı beynəlxalq müşahidə missiyaları və xarici ölkələrin geniştərkibli nümayəndə heyətləri izləyiblər. Qeyd etmək lazımdır ki, builki seçkidə dəvət olunmuş bütün müşahidə missiyalarına seçki prosesini hərtərəfli izləmək üçün lazımi şərait yaradılıb. Əksər beynəlxalq müşahidəçilər seçkilərin gedişinə və səsvermənin yekunlarına prinsipial, obyektiv qiymət verərək, onun əsasən azad, şəffaf və demokratik şəraitdə keçirildiyini bəyan edib. Təəssüf edirik ki, medianın azad fəaliyyət göstərdiyi, ifadə azadlığının və sərbəst toplaşmaq hüququnun təmin olunduğu Azərbaycanda ATƏT DTİHB-in müşahidə missiyasının rəyi eyni seçki prosesini eyni şəraitdə izləmiş Avropa və digər beynəlxalq müşahidə missiyalarının rəyi ilə üst-üstə düşmədi”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, hər bir ölkədə seçkinin taleyini vətəndaşların iradəsi müəyyən edir: “Hansı beynəlxalq təşkilatın bu prosesə necə münasibət bəsləməsindən asılı olmayaraq, onun rəyi seçilmiş şəxsin legitimliyinə xələl gətirmir və proseslər də vətəndaşların iradəsinə müvafiq şəkildə davam edir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının pozuntularla bağlı açıqladığı rəy, qeyd etməliyəm ki, hər hansı ciddi bir fakta deyil, yalnız müxalifətin yaydığı yalan məlumatlara söykənir. Bu rəy olduqca qərəzli və obyektivlikdən uzaq bir yanaşmanın təzahürüdür. ATƏT-in mövqeyi ölkəmizə gəlmiş çoxsaylı müşahidə missiyalarının, o cümlədən Avropa, Amerika və Asiya ölkələrini təmsil edən müxtəlif beynəlxalq qurumların, 1000-dək müşahidəçinin mövqeyi ilə daban-dabana ziddir. Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, MDB-nin, QİƏT Parlament Assambleyasının və QHT Forumunun, TürkPA-nın və digər təşkilatların nümayəndələri dünən və bu gün keçirdikləri mətbuat konfranslarında, verdikləri bəyanatlarda prezident seçkilərinin azad, şəffaf, demokratik və ədalətli keçdiyini qeyd etmiş, onun beynəlxalq standartlara tam uyğun olduğunu vurğulayıblar. Həmin müşahidə missiyalarının tərkibində deputatlar, ictimai-siyasi xadimlər, QHT təmsilçiləri, seçkilərin müşahidəsi sahəsində ixtisaslaşmış təcrübəli ekspertlər var. Buna görə də əminliklə söyləmək olar ki, DTİHB-in mövqeyi ATƏT məkanına daxil olan ölkələrin mövqeyini qətiyyən əks etdirmir. Odur ki, bu qurumun Azərbaycanda budəfəki seçki müşahidə missiyasının tərtib etdiyi subyektiv rəy, nəinki təkcə Azərbaycan seçicisinin iradəsinə hörmətsizlikdir, həmçinin ATƏT-in üzv ölkələr qarşısındakı tərəfsizlik, obyektivlik və kollegiallıq kimi öhdəliklərinə də ziddir”.
DTHİB-in bu mövqeyinin Azərbaycanla ATƏT arasında gələcək münasibətlərə necə təsir göstərəcəyinə gəlincə, şöbə müdiri bildirib ki, belə fəaliyyət - fərqli standartlardan çıxış edərək verilən rəylər, üzv ölkələrdə keçirilən ciddi siyasi proseslərə subyektiv yanaşmalar, həm ATƏT-in nüfuzuna ciddi zərbə vurur və həm də üzv ölkələrlə onun münasibətlərinə mənfi təsir göstərir: “Bir müddət bundan əvvəl, ATƏT Ermənistanda keçirilən prezident seçkilərinə verdiyi subyektiv qiymətlə onsuz da öz obyektivliyi ilə bağlı Azərbaycan vətəndaşlarında ciddi inamsızlıq yaratmışdır. Belə ki, həmin DTİHB Ermənistandakı prezident seçkiləri dövründə bu ölkədə seçkiqabağı mühitin tam kriminallaşmasına, bütün regionlarda müxalifətin seçki kampaniyasının bütünlüklə məhdudlaşdırılmasına, prezidentliyə namizədlərdən birinin güllələnməsinə, 2 milyon əhalisi olan ölkədə 3 milyon seçicinin olduğu haqda yalan məlumatlar yayılmasına, qutulara topa-topa bülletenlərin atılmasına bilərəkdən göz yumub. Medianın tamamilə boğulduğu, bütün insan haqlarının kobud şəkildə pozulduğu şəraitdə keçirilən prezident seçkilərinə xüsusi “prinsipial” və “isti” münasibət ifadə edərək, müsbət qiymət vermişdi. Azərbaycana gəldikdə qeyd etməliyəm ki, əvvəldən hiss olunurdu ki, DTİHB öz hesabatlarında qərəzli informasiyalardan istifadə edir. Əlbəttə, ATƏT kimi bir qurumu təmsil edən institut belə hallara yol verməməlidir və onun bu yanaşması bizim üçün birmənalı şəkildə qeyri-məqbuldur. Belə getsə, Azərbaycan dövləti gələcəkdə ATƏT-lə və digər beynəlxalq təşkilatlarla əvvəlki münasibətləri davam etdirməklə yanaşı, DTİHB-lə əməkdaşlıq məsələlərinə yenidən baxmalı olacaq”.
* * *
“Bütün baş verən polemika və detallı problemlərə baxmayaraq, seçkinin nəticələri təkzibedilməz bir qalibin olduğunu göstərir. Bunu “exit-poll”arın da əksəriyyəti təsdiq edib”.
APA-nın məlumatına görə, bunu ATƏT-in qısamüddətli missiyasının rəhbəri Mişel Vuazen bu gün yaydığı xüsusi bəyanatında bildirib.
M. Vuazen qeyd edib ki, xüsusi ixtisaslaşmış müşahidə missiyalarının rəyi də seçki kampaniyasının demokratiya istiqamətində irəliləyiş olduğuna şübhə doğurmadığını göstərir: “Bu, istər namizədlərin sayı, istər onlara televiziya debatlarında bərabər təşviqat kampaniyasında iştirak imkanı yaratmaq, istər nəzərəçarpacaq dərəcədə seçici fəallığı (72 faiz), istərsə də seçkilərin yaxşı təşkil edilməsi və MSK-nın şəffaf fəaliyyətində özünü göstərib”.
İndiyə qədər Azərbaycanda dörd seçkidə müşahidəçi kimi iştirak etdiyini deyən M. Vuazen bu seçki prosesində Avropa Şurası və ATƏT-in standartlarına yaxınlaşma istiqamətində əhəmiyyətli irəliləyişə imza atıldığını vurğulayıb: “Hesab edirəm ki, seçkilər azad, şəffaf və ədalətli keçirilib. Mən seçkilərlə bağlı Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin rəyinə tamamilə qatılıram”.

M. Vuazen bu qənaətinin ATƏT/DTİHB-nin hesabatında əksini tapmadığını deyib: “Hesab edirəm ki, ATƏT/DTİHB-nin hesabatında AŞ PA və Avropa Parlamentinin, eyni zamanda ATƏT-in qısa müddətli missiyasının müşahidəçilərinin qeyd etdikləri pozitiv aspektlər əksini tapmayıb”.
* * *
Bu barədə ATƏT-in qısamüddətli missiyasının rəhbəri Mişel Vuazen bu gün qurumun seçkilərlə bağlı ilkin rəyini açıqlayarkən deyib
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası Azərbaycandakı seçkilərin nəticələrini tanıyır. Başqa cür ola da bilməz, çünki bu, Azərbaycanın suverenliyinə müdaxilə olardı." ANS PRESS-in verdiyi məlumata görə, bunu ATƏT-in qısamüddətli missiyasının rəhbəri Mişel Vuazen bu gün qurumun seçkilərlə bağlı ilkin rəyini açıqlayarkən deyib. O qeyd edib ki, Azərbaycanda bir çox “exit-poll” keçirilib və onların hamısı demək olar ki, eyni nəticəni göstərib, ona görə də müşahidəçilərin bir sıra məntəqələrdə səslərin sayılması zamanı qeydə aldıqları pozuntulara baxmayaraq, nəticələr arasındakı fərq 4 faizdən çox ola bilməz. Mişel Vuazenin sözlərinə görə, bu, siyasi yox, texniki qeyddir.
Xatırladaq ki, ATƏT-in müşahidə missiyasının bəyanatında seçki dairələrində seçki gedişatının 58 % pis və ya çox pis həyata keçirildiyi və məntəqələrin 11%-də səsvermə zamanı pozuntular müşahidə olunduğu bildirilib.
* * *
Missiya seçkilərin nəticələrini tənqid etdi, “Səs” qəzetinin redaktoru aranı qatdı

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və təşkilatın Parlament Assambleyasının birgə müşahidə missiyasının seçkilərə dair ilkin rəyini açıqladığı, çoxsaylı yerli və xarici jurnalistlərin iştirak etdiyi mətbuat konfransı qalmaqalla başa çatıb.
Virtualaz.org xəbər verir ki, missiya rəhbərləri çıxış edərək seçkilərin ATƏT qarşısında götürülmüş öhdəliklərə uyğun olmadığını, prosesin ciddi pozuntularla müşayiət olunduğunu bildiriblər.
Daha sonra jurnalistlərə sual vermək üçün 15 dəqiqə vaxt ayrılıb. İlk sualı “Trend” agentliyinin əməkdaşı verib və ATƏT missiyanın rəyinin nəyə görə AŞ PA və Avropa Parlamentinin müşahidə missiyasının rəyindən fərqləndiyinə dair izahat istəyib. Missiya üzvləri bildiriblər ki, AŞ PA və Avropa Parlamentinin missiyası cəmi 10 nəfərdən ibarətdir, üstəlik onlar qısamüddətli müşahidə aparıblar. ATƏT missiyası isə həm uzunmüddətli, həm də qısamüddətli müşahidə aparıb, beləliklə də seçki prosesinə tam qiymət verə bilib.
Daha sonra “Səs” qəzetinin redaktoru Bəhruz Quliyev ATƏT missiyasına etirazlarını bildirərək sual üçün söz istəyib. B.Quliyevə mikrofon veriləndə o, ATƏT missiyasını qərəzli olmaqda ittiham edib. Bildirib ki, onlarda olan məlumata görə, missiyanın seçkilərə dair rəyi əvvəlcədən hazır olub: “Siz dünənki bayramı, Azərbaycan xalqının qələbəni necə bayram etdiyini görəndən sonra rəyinizi niyə dəyişmədiniz?”
B.Quliyevin bu çıxışı zaldakı hökumətyönümlü KİV təmsilçiləri tərəfindən alqışlarla müşayiət olunub. Missiya rəhbərlərindən biri zalı sakitliyə çağırıb və irada cavab verməyə çalışıb. ATƏT missiyasının qərəzli olduğuna dair iddiaları rədd edib.
Lakin zalda hay-küy daha da artıb. Zaldakılar əl çalmaqla və ayaqlarını yerə vurmaqla ATƏT missiyasının sözünü kəsməyə çalışıb. Daha sonra B.Quliyev də daxil olmaqla bir neçə şəxs missiya rəhbərlərinin üzərinə yeriyib.
Mətbuat konfransının keçirildiyi otelin mühafizə xidməti onlara mane olub. Tədbir yarımçıq başa çatıb və ATƏT missiyasının üzvləri belə vəziyyətdə konfransı davam etdirməyin mənasının qalmadığını bildiriblər. Zalda qalmaqal isə bu dəqiqələrdə də davam etməkdədir.
* * *
Mətbuat konfransında YAP üzvləri ilə NİDA Vətəndaş Hərəkatının üzvləri arasında qarşıdurma yaranıb.
Bu zaman NİDA-çılar Turqut Qəmbər, Ülvi Məcidli, Kənan Qasımlı, Ərrəhman Məmmədli YAP-çı gənclər arasında qısa toqquşma olub. Etiraz edən YAP-çılar səs-küy salaraq, ayaqlarını yerə vuraraq ATƏT-in səsləndirdiyi nəticələrə etiraz edib. Daha da qızışan söz davasına NİDA-çılar da qoşulub.

Teqlər: