Tbilisidə vəziyyət gərginləşir - Kütləvi həbslər başladı

Tbilisidə vəziyyət gərginləşir - Kütləvi həbslər başladı
  11 İyun 2018    Oxunub:1689
Gürcüstanın paytaxtı Tbilisidə parlament binası önündə keçirilən etiraz aksiyasında saxlanılanların sayı 10-nu ötüb.
AzVision.az bildirir ki, "Rustavi-2" telekanalı hökumətin istefasını tələb edən 5 mindən çox etirazçının toplaşdığı aksiyada gərginliyin artması ilə əlaqədar parlament binası ətrafına xüsusi təyinatlılar və yüzlərlə polisin cəlb olunduğu xəbərini verib.

Hüquq-mühafizə orqanları aksiyaya qoşulan “Vahid milli hərəkat” müxalif partiyasının üzvlərini də həbs edib. Onların sırasında partiyanın deputatı Nika Meliya da var. Nümayişçilər polisin Meliyaya güc tətbiq etdiyini deyirlər. Hüquq-mühafizə orqanları etirazçıların parlament qarşısında qurduqları çadırları dağıdıblar.

Xatırladaq ki, ötən ilin dekabrında Tbilisidə 2 məktəblinin bıçaqlanaraq öldürülməsindən yarım il sonra Tbilisi şəhər məhkəməsinin çıxardığı hökmlə cinayəti törədən 2 yeniyetmədən biri 10 il 6 ay, digəri isə 9 il 9 ay müddətində azadlıqdan məhrum edilib. Lakin ölən yeniyetmələrdən biri - David Saralidzenin atası Zaza Saralidze bu qərarı ədalətsiz hesab edib. O, iddia edir ki, 51 nömrəli məktəbin yuxarı sinif şagirdləri arasında baş verən kütləvi davada oğlunu polisin tutduğu şəxslər yox, məhz prokurorluğun qorumağa çalışdığı yüksək vəzifəli məmurların övladları çoxsaylı bıçaq zərbəsilə öldürüblər.



Məlum hadisə Gürcüstanda böyük əks-səda yaradıb və nəticədə Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib. Bu, etirazçıları qane etməyib və onlar indi də Gürcüstanda cinayətləri ört-basdır edən prokuror və məhkəmə işçilərinin, həmçinin baş nazir Georgi Kvirikaşvilinin istefasını tələb ediblər. Etirazçılar prokurorluq və məhkəmələrin korrupsiyalaşdığını, hökumətin isə buna şərait yaratdığını və baş verənlərə göz yumduğunu bildiriblər. Georgi Kvirikaşvili isə açıqlamasında məlum olaya görə istefa verməyəcəyini bəyan edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan   Tbilisi   aksiya  





Xəbər lenti