“Dünyanın ən müasir silahlarını əldə etmişik” - Prezident

“Dünyanın ən müasir silahlarını əldə etmişik” - Prezident
  26 İyun 2018    Oxunub:1899
“Ordumuz müasir silahlarla, texnika ilə təchiz edilir. O cümlədən, Azərbaycanda istehsal edilən bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir”.
AzVision.az bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda çıxışı zamanı deyib.

Ölkə başçısı bildirib ki, Azərbaycanda 20-dən çox hərbi zavod yaradılıb: “Bu zavodlarda 1200 adda müxtəlif hərbi təyinatlı mallar istehsal olunur, ordumuz təchiz edir. Eyni zamanda biz hərbi məhsullarımı ixrac etməyə başlamışıq. Azərbaycan bir çox ölkələrdən müasir silah və texnika alır. Bu gün bu silahların kiçik bir hissəsi paradda nümayiş etdiriləcək. Son illər yüzlərlə ən müasir silahlar və texnikalar alınıb. Gözətçi hərbi gəmiləri, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, 100-dən çox döyüş hərbi-nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş üçün pilotsuz aparatlar, ən müasir artilleriya qurğuları, uzaq mənzilli raketlər, yaylım raket sistemləri, əməliyyat-taktiki raket sistemləri alınıb. Bunlar bizim hərbi gücümüzü artırır.

Bütün bunları ona görə edirik ki, Azərbaycan ordusu güclü olsun. Çünki dünyada gedən proseslər göstərir ki, beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, Azərbaycan torpaqları işğalçılardan azad olunardı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələr icra edilmir, onların icra mexanizmi yoxdur. Güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış etməyə başlayır. Belə olan halda bizim apardığımız siyasət düzgün siyasətdir. Biz dünyanın ən müasir silahlarını əldə etmişik və proses davam edəcək”.

Ali Baş Komandan qeyd edib ki, ordumuzun döyüş qabiliyyəti artır: “Azərbaycanda yüksək vətənpərvərlik ruhu mövcuddur. Ordumuzun döyüş qabiliyyəti ən yüksək səviyyədədir. İki il əvvəl Ermənistan xalqımıza qarşı növbəti təxribat törədib, mülki əhaliyə qarşı təcavüz edilib. Həm hərbçilər, həm mülki əhali şəhid olub. Azərbaycan ordusu işğalçını yerində oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonunun bir hissəsi işğalçılardan azad olundu. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa Azərbaycan ordusu nəzarət edir.

Biz ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə xidmət göstəririk, Lələtəpədə, Ağdərə dağlarında bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə böyük üstünlük verir. Aprel döyüşləri şanlı qələbəmizdir. Ordumuz, Azərbaycan əsgəri əsl qəhrəmanlıq göstərib. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Biz Ermənistan ordusu haqqında mifi darmadağın etdik. Onların illərlə yaratdıqları dırnaqrası müdafiə xəttini bir neçə gün ərzində darmadağın etdik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti