DMX rəisi Ticarət Palatasının nümayəndələri ilə görüşüb

DMX rəisi Ticarət Palatasının nümayəndələri ilə görüşüb
  04 İyul 2018    Oxunub:1681
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüşüb.
Dövlət Miqrasiya Xidmətindən AzVision.az-a verilən məlumata görə, V.Hüseynov ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması üçün Xidmətin səlahiyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər və perspektiv planlara toxunub. Sahibkarlığın inkişafı, ölkəmizə gələn əcnəbilərin rahatlıqlarının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Yeni bir platforma olan Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının yaradılması ilə bağlı bu yaxınlarda keçirilmiş ilkin işgüzar müzakirələrdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumannın fəal iştirakını və dəstəyini qeyd edib.



Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann DMX tərəfindən şəffaflığın artırılması, iş icazələrinin tam elektronlaşdırılması istiqamətində görülən tədbirləri yüksək qiymətləndirib. Biznesin inkişafı, investisiya mühiti ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndirib.



Görüşdə qarşılıqlı əməkdaşlıq, miqrasiya, əcnəbi işçi qüvvəsinin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, işgüzar dairələrlə belə görüşlərin keçirilməsinin məqsədi ölkədə biznesin nəbzini hiss etmək, miqrasiya ilə bağlı yarana bilən suallara aydınlıq gətirməkdir.

AzVision.az


Teqlər: Miqrasiya   DMX   Görüş  





Xəbər lenti