Gəncə olaylarının arxasındakı sirr - Aranı qarışdıran kimlərdir?

Gəncə olaylarının arxasındakı sirr - Aranı qarışdıran kimlərdir?
  12 İyul 2018    Oxunub:8740
Son günlər bütün diqqətlər Gəncəyə yönəlib. Əvvəlcə Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd olayı, ardınca bir qrup radikal dindarın qanunsuz aksiya keçirməyə cəhd edərək, iki polis polkovnikini şəhid etməsi ortaya ciddi suallar çıxarır.
Bəzi qüvvələr baş verənləri sosial problemlərlə bağlamağa çalışsa da, son olaylar Gəncə hadisələrinin planlı şəkildə həyata keçirildiyini göstərir. Səbəblər barədə müxtəlif versiyalar irəli sürmək olar. Ancaq şübhə yox ki, hansısa dairələr, kimlərsə Azərbaycanda sabitliyi pozmağa, ölkədə xaos yaratmağa çalışır.

Hər kəsi düşündürən, cavabını bilmək istədiyi sual da məhz budur: Gəncəni kim qarışdırır?

Mövzu ilə bağlı AzVision.az-a açıqlamasında deputat Musa Quliyev deyib ki, son günlər baş verən hadisələr radikal dini qüvvələrin arxasında Azərbaycanın müstəqilliyini, güclənməsini istəməyən, ölkəmizi parçalamaq, dağıtmaq, sabitliyi pozmaq istəyən dairələrin dayandığını göstərir və onlar bir mərkəzdən idarə olunur:



“Adətən aksiya, nümayiş keçirilərkən onun təşkilatçısı, məqsədi, şüarı məlum olur. Gəncədəki hadisədə hər hansı müraciət olmayıb, başında kimin durduğu bilinmir, məsuliyyəti kimin üzərinə götürdüyü də bəlli deyil. Görünür ki, bu, iğtişaş üçün hazırlanmış qrup olub. Hüquq-mühafizə orqanları Gəncədə müvafiq işlər görürlər. Saxlanılan şəxslərin istintaqı aparılır. Yəqin ki, yaxın vaxtlarda bu hadisələrin arxasında kimlərin dayandığı məlum olacaq”.

M.Quliyevin fikrincə, Gəncə hadisəsi Azərbaycan üçün siqnaldır: “Ola bilər ki, başqa şəkildə belə hadisələr davam edər. Azərbaycan dövləti kifayət qədər güclüdür, hər şey güc orqanları, hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Azərbaycan xalqı radikal insanlara heç bir dəstək vermir və nifrətini bildirir. Baş verən hadisə zamanı Gəncə əhalisinin bunları lənətləməsi və bu gün də eyni prosesin davam etməsi onu göstərir ki, həmin dəstədə olanlar hazırlanmış və məqsədli şəkildə ortaya atılmış radikal yönümlü insanlardır və onlara qarşı mübarizə aparılacaq”.



Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə AzVision.az-a deyib ki, ölkədə sabitliyin olmasını qəbul etməyən qüvvələr çoxdur: “Bir çoxlarına Azərbaycanda sabitliyin olması sərf etmir. Bu gün Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür və biz öz torpaqlarımızı işğaldan azad etməyə hazırlaşırıq. Bu isə çoxlarınının ürəyincə deyil”.



“Keçmiş Sovet respublikaları arasında ən sabit vəziyyət Azərbaycanda və Qazaxıstanda hökm sürür. Bu, bəzilərinin xoşuna gəlmir. Ona görə çalışırlar ki, Azərbaycanda qeyri-sabitlik yaratsınlar. Burada maraqlı tərəflər çoxdur. Çoxvektorlu maraqlardır. Qonşu olan dövlətlərdən hansı istəyər ki, biz inkişaf edək? Hansı istəyər ki, biz güclü olaq? Mən eləsini görmürəm”, - deyə A.Əlizadə vurğulayıb.

Təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev isə AzVision.az-a bildirib ki, Gəncədə baş verən iğtişaşlar ölkədə sabitliyin pozulmasını istəyən, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti ilə məşğul olan bir sıra xarici qüvvələrin, eləcə də xaricdən idarə olunan bir qrup təxribatçının atdıqları addımların nəticəsidir:

“Həmin qüvvələr Gəncəni məxsusi olaraq seçiblər və hər şey əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib. Şəhər icra hakimiyyətinin başçısına qarşı terror aktından sonra dərhal informasiya terroruna keçərək bəzi KİV-lərdə, eyni zamanda, sosial şəbəkələrdə müəyyən qruplaşmalar yaradaraq Azərbaycana məzhəb ayrı-seçkiliyi salmaq, dini zəmində münaqişə yaratmaq istiqamətində bir sıra addımlar atıldı. Daha sonra əhalini qanunsuz mitinqlərə səsləyərək Gəncədə təxribatçıları, terrorda vasitə ola biləcək şəxsləri ayağa qaldırmağa çalışdılar. Bütün bunlara baxmayaraq, şəhərdə əmin-amanlığı və sabitliyi bərpa etməyə çalışan Azərbaycan polisi onlara qarşı humanistlik göstərdi. Yəni, polislər əlisilahlı insanlara qarşı heç bir silahdan istifadə etməyərək onlarla danışıqlar aparmağa çalışdılar. Lakin təxribatçılar yüksək rütbəli iki polis əməkdaşını qətlə yetirdilər”.



A.Nağıyevin sözlərinə görə, onların planı Azərbaycanın dövlətçiliyini sarsıtmaq, müstəqilliyinə xələl gətirməkdir. Bütün bu proseslər müəyyən mərkəzlər tərəfindən məqsədli şəkildə hazırlanıb və xüsusi təlim və təlimat almış şəxslər tərəfindən həyata keçirilib. Azərbaycan son illər istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan çox güclənib. Bu isə bəzi dairələrə sərf etmir. Ona görə də bunun qarşısını almağa çalışırlar. Amma Azərbaycana qarşı məkrli planlar quranlar istəklərinə çata bilməyəcəklər. Təbii ki, gələcəkdə istər real həyatda, istərsə də sosial şəbəkələrdə bu cür qruplaşmaların qarşısını almaq üçün müəyyən tədbirlər görüləcək. Ümumiyyətlə, Azərbaycanda terrorla, iğtişaşlarla sabitliyi pozmaq istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Gəncə  





Xəbər lenti