Vüsal Hüseynov: “Ölkəmizə gələn əcnəbilərin sayı 10 faizdən çox artıb” - VİDEO+FOTOLAR

  19 İyul 2018    Oxunub : 12461
Vüsal Hüseynov: “Ölkəmizə gələn əcnəbilərin sayı 10 faizdən çox artıb” - VİDEO+FOTOLAR
Dövlət Miqrasiya Xidməti (DMX) cari ilin 6 aylıq fəaliyyətinin yekunları barədə hesabatını təqdim edib.
AzVision.az-ın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, cari ilin 6 ayı ərzində DMX fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun şəkildə, şəffaflığın tam təmin edilməsi, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq normativ-hüquqi bazanın və inzibati icraatın təkmilləşdirilməsi və müraciət edənlərin məmnunluğunun təmin edilməsi istiqamətində davam etdirib:



“Qurumun fəaliyyət istiqamətləri - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu ilin 6 ayı ərzində 1.324.075 halda 827.352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu rəqəm 2017-cı ilin müvafiq dövründə 1.199.770 halda 747.107 nəfər olub. Bu da ölkəyə gələn əcnəbilərin sayında 10 %-dən çox artım olduğunu göstərir. Hesabat dövründə 347.767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. Bu da ötən illə müqayisədə 10 % artım deməkdir. Bu göstərici 2017-cı ilin müvafiq dövründə 315.736 olub”.



V.Hüseynov deyib ki, ölkə ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin, qaçqın statusunun alınması, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı birinci yarım il ərzində Xidmətə 38.360 müraciət daxil olub: “Daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 % artım qeydə alınıb və bu rəqəm 1.859 olub. Bu rəqəm 2017-cı ilin müvafiq dövründə 1.487 olub. Bu il iyulun 1-nə olan məlumata görə ölkəmizdə 32.648 nəfər müvəqqəti, 11.288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var”.

O, həmçinin qeyd edib ki, hesabat dövründə Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 13.341 müraciət daxil olub: “Bu göstərici 2017-cı ilin müvafiq dövründə 15.675 olub. Xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmissiya ilə bağlı 640 şəxs barəsində 322 sorğu daxil olub. Azərbaycan Respublikasının 206 vətəndaşının readmissiyası həyata keçirilib”.



V.Hüseynov vurğulayıb ki, əsas fəaliyyət istiqamətlərindən biri qanunsuz miqrasiyaya qarşı mübarizədir: “Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9.603 əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin Azərbaycan Respublikası vətəndaşları barəsində müvafiq qərarlar qəbul edilib. 2017-cı ilin müvafiq dövründə isə 9.396 olub. Bu da ötən dövrlə müqayisədə 2 % artım deməkdir. Ölkədə qaçqın statusu əsasında yaşayan sayında 23 % artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı - 46 nəfər ərizəçi 29 nəfər ailə üzvü ilə birlikdə 75 nəfərdir. 2017-cı ilin müvafiq dövründə-43 nəfər ərizəçi 18 nəfər ailə üzvü ilə birlikdə 61 nəfər olub”.

Xidmət rəisinin sözlərinə görə, "Çağrı mərkəzi şöbəsi"nə daxil olmuş zənglərin sayı 10 % artıb: “Bu rəqəm cari ilin birinci yarısında 51.394 olub. 2017-cı ilin müvafiq dövründə isə 46.992 müraciət qeydə alınıb. Canlı rejimdə cavablandırılan müraciətlərin 18 %-i (9.377) müvəqqəti yaşamaq üçün icazə, 10 %-i (5.383) olduğu yer üzrə qeydə alınma ilə bağlı zənglər olub”.



Bundan əlavə V.Hüseynov vurğulayıb ki, hazırda, miqrasiya ilə bağlı elektron xidmətlərin imkanlarının genişləndirilməsi üçün iş aparılır: “Dövlət Miqrasiya Xidməti tərəfindən daha bir elektron xidmət – ölkəyə gəlişə və ölkədən gedişə məhdudiyyəti yoxlamağa imkan verən sistem istifadəyə verilib. Həmçinin Xidmətin rəsmi saytının fəaliyyəti məzmun, texniki, vizual və əlçatanlıq baxımından təkmilləşdirilib. Yeni bölmələr və altbölmələr yaradılıb. İstifadə imkanları rahatlaşdırılıb. Xidmətdə sosial şəbəklərin imkanlarından da geniş istifadəyə başlanılıb. Bu ilin mayında qurumun rəsmi “Facebook” səhifəsi yaradılıb ki, buradan da məlumatlar mütəmadi olaraq yenilənir və daxil olan suallar operativ cavablanıdırılır. Xidmətdə iş icazələrinə baxılma üzrə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəisinə müraciət imkanı verən qaynar xətt yaradılıb. ASAN Viza sistemi vasitəsilə elektron əmək vizasının alınması təmin edilib.

Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə iş icazələri ilə bağlı şəffaflığın təmin edilməsi, işəgötürənlərin rastlaşdıqları çətinliklərin təhlili məqsədilə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarlar konfederasiyalarının, iş icazələri üçün müraciət edən iri şirkətlərin nümayəndələrinin təmsilçiliyi ilə Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının yaradılması ilə bağlı ilkin işgüzar müzakirələr keçirilib. Hazırda Məşvərət Şurasının fəaliyyətinin tənzimlənməsinin əsasları hazırlanır”.



Qurum rəhbəri diqqətə çatdırıb ki, hesabat dövrü ərzində ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər edilib: "Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə ictimaiyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müxtəlif dillərdə məlumatlandırılması məqsədilə də mütəmadi iş aparılır. Belə ki, bir neçə gün əvvəl qanunvericiliyə edilmiş dəyişikliklərə görə müddəti 10 gündən 15 günədək artırılan olduğu yer üzrə qeydiyyatla bağlı Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində yeni dizaynda hazırladığı bildirişlər ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində təqdim edilir. Həmçinin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə olduqları yer üzrə qeydiyyatı ilə bağlı məlumatlandırılmaları məqsədilə 3 dildə yeni video çarx hazırlanıb, Xidmətin qəbul şöbələrində, hava limanında və digər müvafiq yerlərdə yerləşdirilib”.

Xidmət rəisi çıxışında qeyd edib ki, cari ilin 6 ayı ərzində miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlığın genişləndirilməsi, Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əlaqələrinin inkişafı diqqət saxlanlıb:



“Xidmət tərəfdaş ölkələrin miqrasiya üzrə məsul qurumları, eyni zamanda beynəlxalq təşkilatlarla birgə bir sıra uğurlu layihələri davam etdirib. Beynəlxalq qurumların nümayəndələri, o cümlədən bir sıra dövlətlərin ölkəmizdəki səfirləri ilə görüşlər keçirilib, əməkdaşlığın perspektivləri müzakirə edilib. Bundan əlavə olduğu yer üzrə qeydiyyatla bağlı müraciət imkanları genişləndirilib, “ASAN xidmət” mərkəzlərində də qeydiyyata düşmək imkanı yaradılıb. Olduğu yer üzrə qeydiyyatla bağlı mobil tətbiqin hazırlanması istiqamətində işlər görülür. Hesabat dövründə DMX regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə ümumilikdə 34 maarifləndirmə-məlumatlandırma tədbiri, 14 səyyar xidmət, o cümlədən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində regional konfranslar təşkil edilib. Xidmətin internet səhifəsində (www.migration.gov.az) 140 məlumat yerləşdirilib. Hansı ki, 2017-cı ilin müvafiq dövründə 87 məlumat yerləşdirilmişdi”.

V.Hüseynovun fikrincə, ötən altı ayın göstəriciləri deməyə əsas verir ki, 2018-ci ildə DMX qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq.

Sonra DMX rəisi mətbuat konfransında iştirak edən jurnaslitlərin və QHT təmsilçilərinin suallarını cavablandırıb.









Elvin Abdulqədirov
Foto: Elvin Abdullla

AzVision.az

Teqlər: Vüsal-Hüseynov   Miqrasiya-Xidməti   DMX