Komitə Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə əməkdaşlıq edəcək - FOTOLAR

Komitə Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə əməkdaşlıq edəcək - FOTOLAR
  10 Avqust 2018    Oxunub:5716
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sistemli və ardıcıl xarakterli islahatların həyata keçirilməsi, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi respublikamızı bir çox ölkələr üçün örnək olan milli inkişaf modelinə sahib olan bir ölkə kimi tanıdıb.
Azərbaycanın sürətli iqtisadi inkişafı digər sahələrdə olduğu kimi, inşaat sektorunun da sürətli tərəqqisinə rəvac vermişdir ki, bu da, öz növbəsində, şəhərsalma və tikinti sahəsində idarəetmə qarşısında yeni çağırışlar və hədəflər formalaşdırır, onun təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər görülməsini labüd edir. AzVision.az xəbər verir ki, şəhərsalma sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində davamlı iş aparılmaqla, şəhərsalmanın nizamlı inkişafının və torpaqlardan ictimaiyyətin rifahına uyğun olaraq ədalətli istifadənin təmin edilməsinə, insan üçün əlverişli və sağlam ətraf mühitin yaradılmasına yönəlmiş sistemli və kompleks tədbirlər həyata keçirilir. Eyni zamanda, bu sahədə qanun pozuntularının qarşısının alınması, aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizənin kəsərinin artırılması da aktual məsələyə çevrilir.



Qeyd edilən zərurətdən irəli gələrək cari ilin 10 avqust tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi baş tutub. Tədbiri giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev ölkədə şəhərsalma fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti və qayğısı ilə əhatə olunan sahələrdən olduğunu vurğulayaraq, son illər ərzində respublikanın bütün regionlarında, xüsusilə Bakı şəhərində həyata keçirilmiş irimiqyaslı infrastruktur layihələri, tikinti, quruculuq və abadlıq işləri nəticəsində ölkə şəhərlərinin günü-gündən gözəlləşdiyini bildirib.



Komitə sədri, şəhərlərin inkişafı, müasir tələblərə cavab verən şəhər infrastrukturunun yaradılması, vətəndaşların yaşayış şəraitininin yaxşılaşdırılması istiqamətində son illər ərzində uğurla reallaşdırılmış çoxsaylı layihələrlə yanaşı, bəzi hallarda bu sahədə bir sıra nöqsanlara və qanun pozuntularına da yol verildiyini, şəhərsalma və tikinti norma və standartlarının gözlənilmədiyini qeyd edərək, tikinti sahəsində islahatların keçirilməsi, səmərəli və şəffaf nəzarət sisteminin qurulması ilə bağlı cənab Prezidentin Nazirlər Kabinetinin 8 iyul 2018-ci il tarixli iclası zamanı verdiyi göstəriş və tapşırıqları xatırladıb.



İki qurum arasında imzalanan Əməkdaşlıq Memorandumun əhəmiyyətinə toxunan Samir Nuriyev təşkil olunacaq sıx əməkdaşlıq nəticəsində şəhərsalma nəzarəti və qanunsuz tikintilərlə mübarizə sahəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş tapşırıqların icrasına ciddi töhfə verəcəyini vurğuladı. Sözügedən əməkdaşlıq çərçivəsində təşkil olunacaq birgə fəaliyyət ölkə ərazisində şəhərsalma, tikinti və memarlıq sahələrində müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə, habelə bu istiqamətdə bəzi vəzifəli, hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınmasına yönələcək.



Daha sonra çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan iqtisadi və institusional islahatların şəffaflığın və hesabatlılığın təmin edilməsi, korrupsiyaya hallarının qarşısının alınmasında əhəmiyyətini qeyd edərək, korrupsiyaya qarşı mübarizədə qurumlarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb, hazırki sənədin imzalanmasının həm tərəflər arasında korrupsiyaya qarşı birgə mübarizənin aparılması, həm də digər fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq kontekstində mühüm rola malik olduğunu bildirib.



K.Əliyev tikinti və şəhərsalma sahəsində qanunçuluğun təmin edilməsi, dövlət və cəmiyyətin maraqlarının qorunmasının prioritet məsələ olduğunu vurğulayaraq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu sahədə aparılmış araşdırmalar, yol verilmiş korrupsiya hüquqpozmaları, onların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı geniş təqdimatla çıxış edib. Daha sonra Anlaşma Memorandumu imzalanmış, mətbuat nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.



Müxbir: Anar Kəlbiyev
Foto: Elvin Abdulla
AzVision.az


Teqlər: Komitə   Korrupsiya  





Xəbər lenti