Ali məktəblərə və magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

Ali məktəblərə və magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb
  13 Avqust 2018    Oxunub:1979
2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi 14 avqust saat 10:00-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilib ki, avqustun 13-ü saat 16:40-a olan məlumata görə 590 bakalavr qəbul olmaq istədiyi ixtisaslaşmaları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 14 bakalavr ixtisaslaşmaları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Eyni zamanda Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı avqustun 14-i saat 10:00-dək uzadılıb. Bildirilib ki, avqustun 13-i saat 16:55-ə olan məlumata görə 44 558 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 200 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.

İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə tövsiyə olunur ki, qeyd olunan tarixədək ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ndə ixtisasları seçmiş və təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti