Qıyıq gözlü, iti dişli ədəbiyyat

Qıyıq gözlü, iti dişli ədəbiyyat
  17 Sentyabr 2018    Oxunub:12655
Tural İsmayılov

Uzaq Şərqdə ədəbiyyatın ərsəyə gəlməsi uzun illərin fəlsəfi təlimlərinin təsirilə birbaşa bağlı idi. Dünya ədəbiyyat tarixini araşdıran tənqidçilər həm sistemləşdirilmiş Uzaq Şərq ədəbiyyatından bəhs edir, həm də bir-biri ilə yaxınlığı olan bu xalqların ədəbi irsini ayrı-ayrılıqda öyrənirlər. Yaponiyada ədəbiyyat ənənəsi yapon ənənəvi dünyagörüşüylə formalaşırdı. 19-cu əsrə qədər milli yapon yoqlarının təsiriylə inkişaf edən ədəbi dərnəklər və ayrı-ayrı şairlər, yazarlar, 19-cu əsrdən sonra yapon karikatura sənətinin təsirində oldular.
Murakaminin yerli radiolardan birinə verdiyi müsahibəsində diqqətimi çəkən nüans bəzən bir karikaturaya görə hekayə ideyasının yaranmasını vurğulamağı oldu. Sonralar bütün kult yapon yazıçılarının mangalar və animelər vasitəsilə kiçik hekayələr və şeirlər yazdığı məlum oldu. Qərb ədəbiyyatı üçün yad olan bu üsul tək Yaponiya ilə bitmir, Koreya ədəbiyyatı ənənələri də bundan təsirlənirdi. Murakaminin “Kafka Sahildə” əsərini oxuyandan sonra bu ölkənin ədəbiyyatına maraq yarandı, amma sonralar oxuduqca insanların praktiki təhlil qabiliyyətinin ölkənin ədəbiyyat sahəsində də necə uğurla tətbiq olunduğuna şahid oldum. İkinci bir ənənə də metafizik şeylərin yapon ədbiyyatında qəti artıq görünməməyidir. Danışan pişiklər, ağlayan heyvan alleqoriyaları, əşyaların “dillənməsi” və sair kitablara heç bir idealist məzmun vermir, əksinə hadisələri daha yaxşı anlamaq üçün yardımçı olur.

Yapon ədəbiyyatının tarixi min illər öncəyə dayanır. Qədim Şərq kültürünün ilk çağlarında Çinin məşhur hekayələri, “Su haqqında traktat” o coğrafiyanın ilkin ədəbi nümunələri hesab olunurdu, yapon ədəbiyyatı da ilk başlarda Çin dilində yazılan hekayələrdən təsirlənirdi, həmçinin qədim dövrdə Çin dili daha prestijli və mədəniyyət dili hesab olunduğu üçün yapon hekayə və şeirləri də Çin dilində yazılırdı. Sintoizmlə yanaşı buddizmin ölkədə tarixi qata malik olması nəticəsində hind ədəbiyyatının da Yaponiyaya güclü təsiri var idi. Lakin 19-cu əsrdə həm animasiya sənəti ilə qarşılıqlı maraq və münasibətlər, həm də beynəlxalq ticarət istiqamətlərinin Yaponiya xeyirinə dəyişməsi ilə, Qərb mədəniyyəti ilə tanışlıq oturuşmuş yapon ədəbiyyat nümunələrinin ərsəyə gəlməsinə səbəb oldu.

Klassik yapon ədəbiyyatı Sei Şonaqonun adı ilə bağlıdır. Daha çox romantik şair kimi tanınan və lirik şeirlər müəllifi olan Şonaqonun arxivlərdən tapılan şeirlərinə Yaponiyada musiqilər hələ də bəstələnir. Klassik ədəbiyyatın ən önəmli siması Murasaki Şikibu hesab olunur. 10-11-ci əsrlərdə yaşayan Şikibu həm şair, həm də roman yazarı kimi o dövrün tarixinə adını həkk etdirib. Şikibunun öz gerçək adı heç vaxt yapon xalqına məlum olmadı, ədəbiyyat tarixçiləri onun əsərlərini tərcümə etsə də, bir dənə də olsun gerçək adına bağlı material tapa bilmədilər.

Bəzi ədəbi araşdırmaçıların mübahisəli fikiri də Şikibu ilə bağlıdır. Şikibunun məşhur olan “Genjinin hekayəsi” əsəri bir neçə qaynaqda dünyanın ilk romanı hesab olunur. Murasaki Çin dilinin ölkəsində avtoritet olmağından yararlanaraq 20 yaşlarında qızlar üçün təşkil olunan kurslarda dili tam mənimsədi. O dövr Yaxın Şərq ədəbiyyatı ilə Uzaq Şərq ədəbiyyatının tək oxşar tərəfi saray ədəbiyyatının mövcudluğudur, istedadlı şair və yazarlar öz yaradıcılıqları ilə diqqətə səbəb olduqda saraylara dəvət olunurdular. Murasaki də saraya çağırılır, burada iş imkanları yaranır ona.

Yapon saray ədəbiyyatının fərqi isə burada hökmdar və imperatorlara mədhiyyələrin yazılmamasında idi. Ümumiyyətlə, indi necə ki, bəzi Qafqaz ölkələrinin toplumlarında müstəqil olsalar da, rus dilinə bir bağlılıq var, həmin əsrlərdə Yaponiyada elit yığıncaqlarda öz doğma yapon dilləri ciddi qarşılanmırdı. Ancaq Murasakinin “Genjinin hekayəsi” əsəri həm Çin dili, həm də yaponca nəzmə yatdığı üçün sevildi və 800 şeirdən ibarət böyük bir kitab ortaya çıxdı. Onun sarayda fəaliyyəti 5-6 il çəkdi, daha sonra təqaüdə çıxdı və saray mühitindən uzaqlaşdı.

Orta Əsrlər ədəbiyyatı ölkədə buddizm və sintoizmlə iç-içə addımlayırdı. Artıq Yaponiyada Çin dili hakimliyini itirməyə başladı. Orta çağ şairləri arasında Yoşida Kenkonun adı ölkədə kult hesab olunur, lakin həmin dövrdə müəllifi bilinməyən xalq ədəbiyyatı örnəkləri yaranırdı. Bizim şifahi xalq ədəbiyyatı örnəklərinə bənzəyirlər, ayrı-ayrı insanlar tərəfindən nə zamansa söylənilən şeylərin yazıya çevrilmiş halıdır, amma yapon xalq ədəbiyyatının əsas fərqi o idi ki, burada şeir və hekaəyədən başqa hansısa janra rast gəlinmir. 1371-ci ildə yazılan “Heikenin hekayəsi” dünyanın aparıcı dillərinə tərcümə olunub, bir çox nüfuzlu universitetin filologiya fakültələrində dərs vəsaiti kimi istifadə olunur. Əsər yalnız yapon fəlsəfi düşüncəsini ehtiva etmirdi, burada qlobal insanlıq tarixinin dərs çıxarması gərəkən bir çox məqamlar mövcud idi və əsərin də sevilməsinə səbəb məhz bu idi.

Daha sonra Ueda Akidari, Edo Zue, İhara Saikaku adları yapon orta əsr ədəbiyyatını şaxələndirdi. Bu dövrün ən tanınan ismi Matsuo Başo hesab olunur. Matsuo 17-ci əsrin yapon şeiriyyatını yaradan insandır. Yapon şeir kültürünə xas olan “hakiku”ların yaradıcısı da Matsuodur. Modern dövr ədəbiyyatı artıq dünya ilə ayaqlaşan ədəbi örnəklərin ortaya çıxması ilə yekunlaşdı. Bu dövrdə yazılan əsərlər geniş kütlələr arasında sevilməyə başladı. Denji Kuroşima, Natsume Soseki, Yukio Misima dönəmin ən önəmli ədəbiyyat adamları sayılır.

Azərbaycana daha yaxşı tanınan bir neçə önəmli simanı xatırladım. Bunlardan biri Kobo Abedir. 1924-cü ildə doğulan Abe Yaponiyada atom hücumundan sonrakı özünə qayıdışın əsas simalarından biri sayılır. Daha çox fərdin keçirdiyi mənəvi sarsıntıları, ruhi depressiyanı qələmə alan Abeni “Şərqin Kafkası” adlandırırlar. 1962-ci ildə yazdığı “Qumların qadını” romanı məşhurdur. “Qutu adam” və “Xarab xəritə” romanları bir neçə ədəbi mükafata layiq görülüb. Ryunosuke Akutaqava da 20-ci əsrin tanınan yazarıdır. Qısa hekayələri çox sevilir, yaradıcılığında Heminquey dəsti-xətti mövcuddur, oxucunu yormadığı üçün və sadə dilə malik olduğundan ingilis dilinə tərcümə olunan qısa hekayələrini rahat mütaliə etmək mümkündür. Yaponiyada onun adı ilə bağlı olan “Akutaqava mükafatı” təsis olunub və sayısız ən yeni dövr yapon yazarı bu mükafatı almaq üçün çabalayır. 35 yaşında yüksək dozada dərman qəbul edərək intihar edib, bəlkə də yaşasaydı, həyatının daha yetgin yaşlarında əvəz olunmaz əsərlər yazardı.

Romantik və realist yapon ədəbiyyatının önəmli isimlərindən biri də Yasuanri Kavabata hesab olunur. Yaponiyaya ilk Nobeli qazandıran addır. Osakada dünyaya gələn yazıçı iki yaşında yetim qaldığı üçün babası və nənəsi tərəfindən böyüdüldü. 15 yaşına qədər bütün doğmalarını itirdiyi üçün anasının qohumları ilə qalmağa başlayır və Tokio Universitetinə qbul olduqdan sonra ədəbiyyatla peşəkar formada məşğul olur. Həm jurnalist, həm də yazar kimi fəaliyyət göstərir və İkinci Dünya Müharibəsinə dair çoxlu yazılar qələmə alır. 1972-ci ildə qazla özünü zəhərlədi və intiharının səbəbləri indiyə kimi məlum deyil. Dostu Misimanın intiharının ona təsir göstərdiyini deyənlər var, lakin Misimadan fərqli olaraq heç bir intihar məktubu yazmadığına görə ölümünün səbəbləri hələ də məlum deyil. “Qarlar ölkəsi”, “Go ustası”, “Kiyoto”, “Gilas çiçəkləri” ən məşhur əsərləridir.

Yaponiyanın bu gün ən sevilən yazarı Haruki Murakamidir. Mənim dünya ədəbiyyatında xüsusi yerə qoyduğum şəxsdir və ona israrla Nobelin verilməməsinin alt mahiyyətinin suallara açıq olduğunu dəfələrlə qeyd etmişəm. 12 yanvar 1949-cu ildə Kyotoda anadan olub. Murakaminin atası buddist din xadimi idi və həyatının böyük illərini təbiətinin gözəlliyi ilə məşhurlaşan Kobedə keçirib. Tokiodakı Vaseda Universitetindən 1975-ci ildə məzun olandan sonra Avropa və Amerikada gəzdi. İlk əsəri 1979-cu ilin nüfuzlu “Gunzoi mükafatı”na layiq görüldü. İlk kitabının davamı ilə yeni mükafatlar aldı. Murakamini bütün dünyaya tanıdan 15-dən çox dildə tərcümə olunan “Norveç meşəsi” oldu. İki il öncə Murakaminin yeni romanı hələ nəşrdən öncə onlayn sifarişlərlə ən çox istək alan kitab sırasına daxil oldu.

Murakamini bu gün tənqid edənlər onun yaradıcılığından daha çox siyasi fikirlərini tənqid edirlər. Amerikaya olan hədsiz simpatiyası və aşırı bağlılığı ölkədə xoş qarşılanmır, ümumiyyətlə, yaponlar qərbçi fikir adamlarını yalnız ədəbiyyatda deyil, fəlsəfi və siyasi fikir tarixində də heç zaman sevmədilər, onlara qarşı toplumda antipatiya öz mövcudluğunu qorudu. Murakami yapon karikaturalarını da sevirdi. Yazdığı qeydlərdə tez-tez çəkilən karikaturalardakı səhnələrdən nümunələr gətirir. Mühafizəkar dünyagörüşü qəbul etmir, amma bütün sosial dünyagörüşünün ənənələrin tənqidi üzərində fokuslandığı fikirini söyləmək də haqqsızlıq olar.

Murakami sakitliyin axtarışında olan yazardır. “Tək axtardığım şey tanınmayan bir kənddə sonsuz yuxuya getməkdir”, yazır notlarında. Murakaminin fərqliliklərə verdiyi önəm onun çıxışlarında və yazılarında diqqət mərkəzindədir. Dünyanın dairəvi halında çox maraqsız olduğunu söyləyən yazar, yaşamın maraqlı tərəfinin rəngliliklərə, fərqliliklərə, orijinallıqlara hörmətdən qaynaqlandığını yazırdı. “Kafka Sahildə”nin bir yerində Murakami obrazın dilindən yazır: “Fərqli insanları sevirəm. Bu həyatda normal bir həyat yaşayan insanlar daha çox güvənilməz olur çünki.” Yazar ruhu insan bədənindən kənarda mövcudluq kimi dəyərləndirmir, klassik alman fəlsəsəfinin və Hegelin ruh fenomenologiyası ilə bağlı müddəalarını müdafiə edir.

Romanın başqa bir yerində xoşuma gələn sitatda da Murakaminin inandığı fəlsəfi ideyanı necə müdafiə etdiyinə şahid olursan. O yazır: “Mən hərəkət halındakı bir ruham. Məni yaralaya bilməzsən, ola bilsin ki, qanım axa, ancaq bu gerçək qan olmaz. Tutaq ki, ağrılar içində qalıram, amma bu doğru və həqiqi bir ağrı olmaz. İndi məni məhv etmək istəyən insanın o ölçüdə qabiliyyətləri olmalıdır. Ancaq buna hazır deyillər, indiki hallarıyla yetərsiz, xam xəyaldan başqa bir şey ola bilməzlər.” Yapon ədəbiyyatı bütöv Yaponiya modelinin bir komponentidir və ölkədəki inkişafla həmahəng formada addımlamağı bacararaq, tarixin sınağından uğurla çıxdı.




Teqlər: Murakami   Şərq-ədəbiyyatı  





Xəbər lenti