Azərbaycanda 75 əcnəbiyə qaçqın statusu verilib - FOTOLAR

Azərbaycanda 75 əcnəbiyə qaçqın statusu verilib - FOTOLAR
  12 Oktyabr 2018    Oxunub:1266
Dövlət Miqrasiya Xidmətinin, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin və Avropa Şurasının Azərbaycandakı Ofisinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada “Qaçqınların və sığınacaq axtaranların çıxarılmadan və məcburi geri-qaytarılmadan himayəsi; Sığınacaqla bağlı işlərdə məhkəmə qərarları” mövzusunda müzakirələr aparılıb.
DMX-dan AzVision.az-a verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Huseynov açılış nitqi ilə çıxış edərək bildirib ki, dünyanın bir çox ölkələrində yeni münaqişə ocaqlarının yaranması nəticəsində qaçqınların və köməyə ehtiyacı olan insanların sayı günbəgün artır. Respublikamız bu həssas kateqoriya ilə bağlı beynəlxalq konvensiyalara qoşulub. Ötən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın işğalçı siyasəti nəticəsində ərazisində bir milyondan çox qaçqının və məcburi köçkünün olmasına baxmayaraq Azərbaycan Respublikası üçüncü ölkələrdən olan sığınacaq axtaran şəxsləri qəbul edir.



Beynəlxalq öhdəliklərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən zəruri olan addımlar atılır, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qaçqın statusu almaq üçün müraciət etməyə, onlara ölkədə təhlükəsiz yaşamağa hər bir şərait yaradılır. Hazırda Azərbaycan Hökuməti tərəfindən qaçqın statusu verilmiş 3-cü ölkə vətəndaşları olan əcnəbilərin sayı 75 nəfər təşkil edir.



Tədbirdə Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbəri Zoltán Hernyes, BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso mövzu ilə bağlı beynəlxalq təcrübə və həyat keçirilən tədbirlər barədə danışıblar. Müzakirələrdə Azərbaycanda mövcud miqrasiya və sığınacaq kontekstinə dair təqdimat keçirilib, Avropa Şurası miqrasiya və sığınacaq kontekstində müvafiq alət və standartlar haqqında müzakirələr aparılıb.




AzVision.az


Teqlər: DMX   Əcnəbi  





Xəbər lenti