Dünyanın qlobal problemləri Bakıda müzakirə olundu

 Dünyanın qlobal problemləri Bakıda müzakirə olundu
  26 Oktyabr 2018    Oxunub:1922
"Hazırda müxtəlif ölkələrin xalqları arasında və dünyada etimad böhranı mövcuddur"
Azvision.az xəbər verir ki, bunu İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl Tüveycri "Bakı prosesi- insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri" adlı sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müxtəlifliyin qəbul edilməsi, insanlar arasında mədəni dəyərlərin qorunub saxlanılmasına böyük ehtiyac var.

Əbdüləziz Osman Əl Tüveycri, həmçinin qeyd edib ki, mədəni böhranlardan qorunmağın çıxış yollarını tapmaq lazımdır: "Bakı prosesinin 10-cu ildönümü yeni dünya nizamının qurulmasına öz töhfəsini verməlidir. Biz sülhün, insan qardaşlığının carçıları olmalı, insan bəşəriyyəti üçün təhlükəsiz həyat təmin etməli və qardaşlıq, sülh, rifah naminə çalışmalıyıq. Odur ki, mədəniyyətlərarası dialoqların güclənməsini istəyirik".



YUNESKO-nun keçmiş baş direktoru İrina Bokova isə çıxışı zamanı deyib ki, hər kəsin qarşısında duran suallar eynidir: "Mədəniyyətlərarası dialoqun düzgün təşkili üçün hansı işlərin görülməsi istiqamətində atılacaq addımları hamımız düşünürük. Biz bilirik ki, qarşılıqlı əlaqələr müxtəlif icmaların yaranmasına zəmin yaradır. Ona görə də parçalanma halları hər zaman mövcud olur. Çağırışlar bərabərsizlik, sülh, miqrasiyaya düçar olmuş insanlarla bağlı olur və hələ də problem qalır. Forum bu məsələləri qlobal gündəliyə daxil edərək, müzakirə olunaraq həll yollarını tapmağa gətirib çıxarır".

O, həmçinin vurğulayıb ki, mədəniyyətlərarası dialoq insan inkişafından ayrı baxılası məsələ deyil: "Müxtəlif mədəniyyətlər haqqında savadsızlıq əsas maneə hesab olunur. Siyasi münaqişələrin aradan qaldırılmasına mövcud problemlərin həll olunması yolu ilə nail olmaq olar".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Forum   Sessiya  





Xəbər lenti