Azərbaycan Fransaya etirazını bildirəcək

  15 Noyabr 2018    Oxunub : 987
 Azərbaycan Fransaya etirazını bildirəcək
"Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir".
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib kii, bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış Sazişlərin dilinə uyğun davranmır, o eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir:

"Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır".

XİN bəyan edib ki, Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə Azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur: "Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcəkdir. Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir".

Azvision.az

Teqlər: XİN   Fransa