Əli Əhmədov: “İcbari tibbi sığortanı həyata keçirmək asan deyil”

 Əli Əhmədov:  “İcbari tibbi sığortanı həyata keçirmək asan deyil”
  21 Noyabr 2018    Oxunub:2569
“2019-2020-ci illər icbari tibbi sığortanın həyata keçirilməsində həlledici olacaq”.
Bunu Azvision.az-a özəl açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, icbari tibbi sığorta plana uyğun şəkildə həyata keçirilir. “Dəfələrlə qeyd etmişik ki, icbari tibbi sığorta kifayət qədər böyük və geniş sahədir. Bu, Azərbaycanın 10 milyonluq əhalisinin hər birinə xidmət edəcək. Eyni zamanda bütövlükdə tibb sahəsində göstərilən xidmətlərin mahiyyətini dəyişəcək. Ona görə bunu həyata keçirmək asan deyil, həddindən artıq mürəkkəbdir".

Ə.Əhmədov qeyd edib ki, icbari tibbi sığorta üçün həm texniki vəsaitlər, həm personal hazır olmalıdır, həm də maliyyə resursları tapılmalıdır.

"Çünki icbari tibbi sığortanın həyata keçirilməsi onu nəzərdə tutur ki, bir yandan dövlət tibbi xidmətlərin göstərilməsi üçün öz vəsaitini xərcləsin, ikinci tərəfdən vətəndaşlarımız tibbi xidmətlərin göstərilməsinə öz imkanları daxilində vəsaitləri ilə köməklik göstərsinlər. Bu, ikisini biz birləşdirməliyik. Çox aspektli, həddindən artıq böyük sahələri nəzərdə tutduğu üçün biz pilot layihələr vasitələri ilə həyata keçirməyi planlaşdırdıq. Buna səbəb görəcəyimiz işlərdə səhv olmadan, insanlarımızın təcili alacağı xidmətlərdə hər hansı bir problemlərin yaranmasına imkan vermədən layihəni həyata keçirməkdir”.

Ə.Əhmədov bildirib ki, 2019-cu ildə icbari tibbi sığortanın tətbiq sferası, əhatə dairəsi genişlənəcək və tədricən bir neçə ildən sonra bütün ölkə miqyasında icbari tibbi sığortanın tətbiq etmiş olacağıq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Əli-Əhmədov  





Xəbər lenti