Lənkəranda 50 qəpiyə, Bakıda 3 manata... - REPORTAJ (FOTOLAR)

  28 Noyabr 2018    Oxunub : 14550
Lənkəranda 50 qəpiyə, Bakıda 3 manata... - REPORTAJ (FOTOLAR)
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Masallı və Lənkəran rayonlarına press turu keçirilib.

Azvision.az xəbər verir ki, jurnalistlər öncə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) açılışında iştirak ediblər. Masallı rayon baytarlıq idarəsinin rəisi İsabala Əliyev DAİM-in nəzdində quraşdırılan baytarlıq laboratoriya avdanlıqları barədə məlumat verib.
Bildirib ki, yeni gətirilən avadanlıqlarla heyvanların qan nümunələrinin saxlanılması, müayinəsi, eyni zamanda heyvanlar üzərində müxtəlif əməliyatlar həyata keçirilir.



İdarə rəisi DAİM-ə 2019-cu ilin birinci rübündə heyvanlara dabaq, qarayara və çiçək xəstəliklərinə qarşı ediləcək peyvəndlərin gətirildiyini və kamera soyuducularında saxlanıldığını deyib.



O, həmçinin fermerlər və kəndlilərə göstərilən xidmətlər barədə danışıb: "Masallı rayonu üzrə 106 kəndə baxan 13 sahə baytar həkimimiz var. Elə həkim var ki, ona 4 kənd, elə həkim də var ki, ona 8-10 kənd düşür. Məntəqələrin sayı heyvanların sayına görə azdır. Baytar həkimlər 74 min başa yaxın iribuynuzlu heyvanların hər birinə qulluq edirlər, peyvəndlər olunur. Çətinliyimiz sadəcə vətəndaşların heyvanların peyvəndlənməsinə biganə yanaşmasıdır".



Kənd təsərrüfatı naziri İnam Kərimovun mərkəzdə yaradılan şəraitlə tanışlığından sonra fermerlər və koordinasiya şurasının üzvləri ilə görüş keçirilib. Jurnalistlərin də iştirak etdiyi görüşdə fermerlərin problemləri dinlənilib, onların həlli istiqamətində müzakirələr aparılıb.



Daha sonra media nümayəndələri Lənkəran rayonunda olan sitrus bağı, çay plantasiyası, feyxoa və kivi plantasiyaları ilə tanış olublar.

Sitrus bağları barədə məlumat verən Lənkəran rayonunun aqranomu Xalıq Talıbov bildirib ki, burada yetişdirilən hallobonq meyvəsi dünyada nadir meyvədir. Yalnız 5 ölkədə bu meyvə yetişdirilir -Yaponiya, ABŞ, Koreya, Fransa və 5-ci ölkə Azərbaycanda, Lənkəranda.



"Dünyada bu meyvə dekapon, siorami və sumu adı ilə məşhurdur. Yaponiyada 1972-ci ildə iki müxtəlif mandalin sortlarından çalaq yolu ilə alınıb və əkilməyə başlanılıb. Hazırda 10 hektar ərazidə 3791 ədəd ağac əkilib. 2015-ci ildə əkilən hər bir ağac üçün məhsuldarlıq bu gün 30-40 kq-dır. Ölkəmizdə nadir bitkiyə tələbat var. Meyvə çox vitaminlidir, Mendeleyev dövri sistem cədvəlinin bütün elementləri onun tərkibində var".



1 kq hallobonq məhsulun bazarda qiyməti 5-10 manatdır. Aqronom bildirib ki, məhsulun artırılmasına ehtiyac var.
"Ağacın yeri nə qədər yaxşı olsa və qulluq edilsə, il ərzində 4-5 dəfə məhsul almaq mümkün olur. Əkildiyi vaxtdan 2-3 il sonra məhsul veməyə başlayır. 10 ildə tam məhsuldarlığa düşəndən sonra hər bir ağac 250 kq məhsul verməlidir. Onun hər bir meyvəsinin diametri 8-10 sm, çəkisi isə 350-500 qram arasında dəyişir. Rusiya ilə bu yaxınlarda müqavilə imzalamışıq, məhsullarımız Rusiya bazarlarına çıxarılacaq. Gələcəkdə Rusiya üçün 20 min ton məhsul göndərəcəyik".



Daha sonra çay plantasiyasına baş çəkdik. Öyrəndik ki, bazara çıxarılan məhsullar 8 manatdan başlayaraq satılır.

"Yaşıl çay" fermer təsərrüfatının rəhbəri Araz Yaqubov bildirib ki, 70 ha ərazidə çay plantasiyası salınıb. Digər ərazilərdə isə sitrus bitkiləri becərilir. "Şirkət 2006-cı ildə yaradılıb. Çalışırıq ki regionda çayçılığı inkişaf etdirək. Plantasiya ilə yanaşı, bizim mini emal seximiz də var, məhsulumuzu burada emal edib, bazara çıxarırıq".



Fermer vətəndaşlarımız tərəfindən orqanik məhsullara təlabatın çox olduğunu deyib: "Biz Kalxidze çay sortunu əkirik. Plantasiyanın 12 yaşında hər hektarda 10 ton çay götürəcəyik. Bu zaman ixrac istiqamətində daha ciddi düşünəcəyik. Artıq Rusiya bazarında böyük ticarət şəbəkəsi bizim çayımızın hamısını almaq istədiyini bildirib. Çayçılıq haqqında dövlət proqramına uyğun olaraq 2027-ci ildə artıq çay plantasiyasını 120 hektara çatdıracağıq".



A.Yaqubov qeyd edib ki, plantasiyada ailə üzvlərilə birlikdə 100 nəfərədək işçi çalışır. "Onlardan 70-i qadındır. Bilirsiniz ki, qadının işləməsi onun ailədə bərabərhüquqlu üzvü olması deməkdir. İlin bütün ayı çalışdığımız əkin sahəsindən aldığımız məhsul isə onun müxtəlif vaxtlarda dərilməsinə əsasən satılır".



Fermerin sözlərinə görə, elə çay var ki, 2 min manata satılır: "Çayın qiyməti 8 manatdan başlayır ,100 manata qədər. Elə çaylarımız da var ki, onun qiyməti daha bahadır. Baha çayı səhər saat 6-da günəş doğmamış 1 saat ərzində yığırıq və xüsusi texnologiya ilə hazırlanır. Bu çay çox məhdud çəkidədir və onun qiyməti 500 manatdan 2 min manat arasında dəyişir. Bu çaylar Avropa bazarına çıxarılır".



Növbəti olduğumuz məkan sosial şəbəkələrdə məşhurlaşan qadın sahibkar Rəftarə Şükürovanın bağıdır. Bağının məhsullarından hazırladığı müxtəlif kivi, feyxoa tutmaları, mürəbbələri, isti samovar çayı, bağ meyvələri ilə bizi qarşılayan fermer çəkdiyi zəhmətdən, müəlliməlikdən fermerliyə gəlişi barədə danışıb.



32 il ibtidai sinif müəlliməsi işləyən R.Şükürova bu iki sahə arasında fərq hiss etmədiyini söyləyib: "10 ildir bu bağla məşğulam. Mənim üçün dəyişən heç nə yoxdur. Əvvəl uşaqları yetişdirib tərbiyə edirdim və onların uğurlarını görəndə sevinirdim. İndi isə körpə fidanları böyüdürəm, onların məhsuldarlığını görəndə sevinirəm. Ərazi ailəmizindir. Bura böyük yatırım etmişik. Təsərrüfatınız 13 hektar ərazini əhatə edir. Onun 6 hektar sahəsində feyxoa bağı, 3 hektar yarım kivi bağı, 3 hektar ərazidə taxıl əkmişik. Qalan yarım hektar ərazilərdə müxtəlif meyvə ağacları var. Bağın ərazisi böyükdür, gün olur ki, 11-15 km ərazini gəzirəm. Fiziki olaraq bir az çətindir. Sevgi olduğundan gördüyüm iş çətin görsənmir".



Fermer gələcək planlarından da danışıb. Bildirib ki, taxıl əkdikləri 3 hektar ərazidə meyvə bağı salmaq niyyətindədirlər: "Gələcəkdə dünya bazarına özümüz məhsulumuzu çıxartmaq istəyirik. Avropada, Türkiyədə, qonşu İranda feyxoanı tanımırlar. Bu il məhsulun qiyməti ucuz oldu, bağa qoyduğumuz yatırımı götürə bilmədik. Öz məhsulumuzu özümüz bazara çıxarsaq, nisbətən gəlir çoxalar. Biz Lənkəran bazarına çıxarırıq, alıcılar gəlib aparır. Bizim alverçilərə 50 qəpiyə satdığımız məhsul Bakı bazarında 3 manata satılır. Bu ilə qədər 35 ton feyxoa yığmışıq. Keçən il 8 tona yaxın kivi götrmüşdük, bu il hələ məhsul yığılmayıb".







Aytən Zəhra
FOTO: Şahin Sərdarov

Azvision.az

Teqlər: Lənkəran