Nazirlik Fəxrəddin Manafovu müdafiə etdi: “Ciddi tapşırıq verilib”

  06 Dekabr 2018    Oxunub : 3217
Nazirlik Fəxrəddin Manafovu müdafiə etdi: “Ciddi tapşırıq verilib”
Mədəniyyət Nazirliyi xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından ayrılmasına münasibət bildirib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Azvision.az- a açıqlamasında deyib ki, aktyorla bağlı teatrın rəhbərliyinə ciddi tapşırıq verilib.
"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti, tanınmış kino və teatr aktyoru Fəxrəddin Manafovun Rus Dram Teatrında yaradıcılıq fəaliyyətini dayandırması barədə mətbuatda yayılan bəyanatı Mədəniyyət Nazirliyi və Nazirliyin rəhbərliyi üçün çox gözlənilməz oldu. Fəxrəddin Manafov mədəniyyətimizin görkəmli simalarından biridir. O, 40 ilə yaxın müddətdə bir çox filmlərdə yaratdığı obrazlarla tamaşaçı rəğbəti qazanıb, respublikamızın hüdudlarından kənarda da kino sənətimizi tanıdıb, təbliğ edib.

Eyni zamanda görkəmli aktyor son illər Rus Dram Teatrının səhnəsində geniş tamaşaçı marağına səbəb olan rollar oynayıb. Fəxrəddin Manafov yaradıcı insan və ziyalı kimi hörmət və nüfuza malikdir", - İ.Hümbətov deyib.

O, qeyd edib ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra Fəxrəddin Manafovun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onu narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətinin davam etdirilməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq verilib:

"Teatrın rəhbərliyi bununla bağlı müvafiq iş aparır. Məsələ Nazirliyin diqqət və nəzarətindədir, ümid edirik ki, hər şey teatrın rəhbərliyi ilə aktyor arasında dialoq və anlaşma şəraitində müsbət həllini tapacaq".

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Mədəniyyət=Nazirliyi   Fəxrəddin=Manafov