Paşinyanın qələbəsi Ermənistanı xilas edə bilməyəcək - ŞƏRH

Paşinyanın qələbəsi Ermənistanı xilas edə bilməyəcək -  ŞƏRH
  10 Dekabr 2018    Oxunub:2974
Ermənistanda ötən gün keçirilən növbədənkənar parlament seçkilərində gözlənildiyi kimi hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku 70,43% (884 min 456) səslə qələbə qazandı.
"Çiçəklənən Ermənistan" 8,27% (103 min 824), "İşıqlı Ermənistan" 6,37% (80 min 24) səs toplayaraq parlamentdə təmsil olunmaq hüququ əldə etdi. Sabiq prezident Serj Sarkisyanın lideri olduğu Respublika partiyası isə 4,7 faiz səs toplayaraq 5 faizlik həddi keçə bilmədi. Bununla da “Qarabağ klanı”nın iqtidarına rəsmən son qoyuldu.

Bəs, bundan sonra Ermənistanı nə gözləyir? Paşinyan vədlərini yetirə biləcəkmi?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Azvision.az-a bildirib ki, Ermənistan parlamentində yerlər qərbyönümlü siyasi qurumların əlinə düşüb: “Küçə inqlabı nəticəsində hakimiyyətə gələn Paşinyanın qələbəsi gözlənilən idi. İnqilabdan 7 ay keçməsinə baxmayaraq, verdiyi vədlərin çoxunu yerinə yetirə bilməmişdi. Amma kütlə, kütlə psixologiyası seçkidə onu axıra qədər müdafiə etdi. Beləlikə, Paşinyan parlamentdə üstünlük qazanmaqla təkbaşına hökumət qurmaq səlahiyyəti əldə etdi. Paşinyanın "Mənim addımım" bloku ilə yanaşı bariyeri aşaraq parlamentə düşən “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyaları da Qərbə meyillidir. Yəni Ermənistan parlamentində yerlər qərbyönümlü siyasi qurumların əlinə düşüb. Bu da müəyyən düşüncələrə, Rusiya ilə Ermənistan arasında perspektivdə nələr baş verə biləcəyi ehtimalları haqqında müəyyən təzadlı fikirlər yaradır”.

Q.Hüseynli hesab edir ki, Paşinyanın və Ermənistanın gələcək taleyi Dağlıq Qarabağ münaqişəsinə yanaşmasından asılıdır: “Bundan sonra Paşinyanın üzərinə böyük məsuliyyət düşür. O, insanlara iqtisadi islahatlar aparacağı, ölkəyə böyük həcmdə investisiya cəlb edəcəyi, maddi rifah hallarını yüksəldəcəyi ilə bağlı vədlər verib. Uzun illərin praktikası göstərir ki, bölgədə lider dövlət olan Azərbaycanla münasibətləri yaxşılaşdırmadan bölgədəki iri iqtisadi layihələrə qoşulmaq mümkün deyil. Hazırda Ermənistan Azərbaycan və Türkiyənin yeritdiyi blokadasındadır. Gürcüstan isə yarımblokada vəziyyətində münasibətlər saxlayır. Burada yeganə istisna İrandır. Amma, Azərbaycan və Türkiyənin blokadaları öldürücü xarakter daşıyır. Bunun nəticəsi olaraq Ermənistan bölgədə reallaşdırılan layihələrdən kənarda qalıb. Paşinyan isə vədlərini, ölkəsini tənəzzüldən o zaman xilas edə bilər ki, Dağlıq Qarabağ problemində ortaq məxrəcə gələ bilsin. Münaqişə həll olunmadan Ermənistanın hər hansı iqtisadi dirçəlişindən, əhalinin maddi rifah halının yüksəlməsindən danışmaq mümkün olmayacaq”.

Politoq əlavə edib ki, bu məsələdə Paşinyanın qarışısında iki yol var: “Birinci Ermənistan danışıqlar yolu ilə dil tapmağı bacarmalı, danışıqlar masası ətrafında konstruktiv mövqe sərgiləməlidir. İkinci, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün nəzərdə tutduğu hərbi toqquşmalara hazır olmaldır. Əlbəttə, bütün məsələlər Ermənistan üçün çətin dilemmadır. Paşinyanın və ətrafındakıların qatı millətçi olması, danışıqlar haqqında o qədər də nikbin rəy yaratmır. Seçkidən sonra indiyə qədər həyata keçirilən siyasətdə müəyyən dəyişikliklərin olması gözlənilmir. Yəni Paşinyanın baş nazirliyi dövründə danışıqlar prosesində kəskin sıçrayışların olacağını gözləmək mümkün deyil. bununla belə Ermənistan üçün həyati əhəmiyətə malik iqtisadi problemlərin aradan qaldırılmasının yolu ilk növbədə Qarabağ probleminin həll olunmasından keçir, Qarabağ problemi bölgənin qanı axan yarasıdır. Əgər Paşinyanın ölkəsinin iqtisadi yaralarını sağaltmaq istəyirsə, qan axan yaranın müalicə edilməsində səmimi və beynəlxalq hüquq normalarına uyğun surətdə davaranmalı, millətçilik azarından uzaq dayanmalıdır. Bu isə danışıqlarda konstruktivlik, məsələlərin həllinə beynəlxalq hüquq normalarına yanaşmanı tələb edir. Azərbaycanın da gözlədiyi əsas məsələ budur”.

Q.Hüseynli vurğulayıb ki, hazırda danışıqlar prosesinin alınmasının özü də sual altındadır: “Hazırda xarici işlər nazirləri səviyyəsində tərəflərin mövqeləri ilə tanışlıq prosesi gedir. Halbuki hər şey məlumdur. Amma Ermənistan tərəfinin təkidi ilə tərəflər problemə yanaşmanı özlərinə aid baxışlarla ortaya qoyurlar. Azərbaycanın istəkləri hamıya bəllidir. Bu, BMT-nin 4 qətnaməsinin ruhuna və beynəlxalq hüququn prinsiplərinə uyğundur. Azərbaycanın Ermənistanın təcavüzünə məruz qaldığını dəfələrlə sübut etməyə ehtiyac yoxdur. Bütün bunları Ermənistan anlamalı, danışıqlar prosesində necə lazımdırsa, elə də hərəkət etməlidir. Əgər bu baş verəcəksə, Paşinyan xalqına verdiyi digər vədləri də yerinə yetirmək üçün imkanlar açılacağını söyləmək mümkündür. Əksinə yenə də qarşıdurma, siyasi manevrlər bölgədə yaranmış status-kvonun qorunub saxlanılmasına cəhdlər Ermənistan üçün baha başa gələcək və bədəlini ödəmək məcburiyyəti qarşında qalacaq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti