“Bizim problemimiz radikal dini cərəyanlarla bağlıdır” - Əflatun Amaşov

  17 Dekabr 2018    Oxunub : 1424
 “Bizim problemimiz radikal dini cərəyanlarla bağlıdır” - Əflatun Amaşov
"Azərbaycanda 3 milyon insan sosial şəbəkələrdən fəal istifadə edir, onun 1,5 milyonu "Facebook"da, digərləri "İnstagram", "Tvitter" və başqalarındadır. Bütün dünyada olduğu kimi Azərbaycanda da ictimai fikir internet üzərindən yayımlanan Kütləvi İnformasiya Vasitələri (KİV), əsasən də sosial şəbəkələr vasitəsilə yayılır"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Dini qurumlar və sosial media” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, stabilliyimizin pozulması üçün əsas təhlükə islama yaxın radikal dini cərəyanlar və ideologiyalardan gəlir. "Bu sahədə ciddi problemlər yaranır. Azərbaycanda baş verən iqtisadi inkişaf ayrı-ayrı ölkələr tərəfindən müsbət qarşılanmır. Bəzi ölkələr var ki, Azərbaycanla bağlı sistemli şəkildə qarayaxma işi ilə məşğuldur. Bundan Ermənistan, erməni lobbisi istifadə etməyə çalışır. Bəzi qüvvələr var ki, sosial şəbəkələrdən fəal istifadə etməklə Azərbaycanı geriyə aparmağa, islami dəyərlərin hakim olduğu İslam dövlətinə çevirməyə çalışır. Bizim problemimiz radikal dini cərəyanlarla bağlıdır".

Şura sədri bildirib ki, hazırda Azərbaycan Mətbuat Şurası haqqında qanun üzərində iş aparılır və qanunda vətəndaşların şərəf və ləyaqətinin alçaldılmaması məsələsi diqqətdə saxlanılır.

Millət vəkili, həmçinin vurğulayıb ki, dini radikal cərəyanların Azərbaycana ayaq açmaması üçün qanunu sərtləşdirmək lazımdır.

Aytən Zəhra
Azvision.az

Teqlər: Əflatun-Amaşov