Əlillərin övladlığa uşaq götürməsi ilə bağlı qadağa ləğv olunacaq

 Əlillərin övladlığa uşaq götürməsi ilə bağlı qadağa ləğv olunacaq
  25 Yanvar 2019    Oxunub:2764
"BMT-nin Əlilliyi olan şəxslərin hüquqlari üzrə komitəsinin Azərbaycan hökumətinə sualları daxil olub".
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev "Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi" mövzusunda keçirilmiş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu sualar artıq hökumətə təqdim olunub:

"Həmin suallar içərisində bir məsələ Nazirlər Kabinetinin 172 saylı qərarında olan övladlığa uşaq götürmək istəyən şəxslərin xəstəliklərilə bağlı tələbləridir. Həmin tələbə əsasən həmin şəxslər uşaq götürə bilməzlər. Bu, birinci və ikinci qrup əlilliyi olan şəxlərə məhdudiyyətin qoyulmasıdır. Biz bunu ayrıseçkilik kimi qiymətləndiririk".

Nazirlik rəsmisi qeyd edib ki, hazırda uşağın valideynlərindən biri vəfat edibsə və digər valideyni 1-ci və 2-ci qrup əlilliyi olan şəxsdirsə, uşaq valideyn himayəsindən məhrum edilmiş hesab olunur:

"Bu əvvəlki qaydaya əsasən belə idi. Biz həmin bəndin o şəxslərə qarşı diskriminasiya olduğunu hesab edirik. Yeni sistemdə bu bəndlər çıxarılacaq. Yeni sistemdə yanasma dəyişəcək. Beynəlxalq təcrübədən götürülmüş xəstəliklərdən irəli gələrək, xəstəliyin şəxsin həyatını nə dərəcədə məhdudlaşdırdığı əsas götürüləcək. Qərar buna əsasən veriləcək".

S.Qocayev qeyd edib ki, övladlığa uşaq götürmək istəyən şəxslərin yaş məsələsində dünya təcrübəsi nəzərə alınacaq və əvvəlki yaş tələbinə yenidən baxılacaq. Burada əksər dünya ölkələrinin, Avropanın, Türkiyənin təcrübəsi öyrənilib: "Belə ki, minimal və maksimal yaş həddi var. Yaş limiti evli və tək olan şəxslər üçün fərqlidir. Eyni zamanda, övladlığa uşaq götürmək istəyənlə uşağın yaşı arasındakı fərqdə də tələb var. Hazırda bu tələblər üzərində iş aparılır. Bu məsələdə beynəlxalq təcrübə ilə Azərbaycan reallıqlarını nəzərə alacağıq. Biz tək ana və atanın maddi imkanlarını, sosial vəziyyətini deyil, həmin ailədə yaşayan digər şəxslərin xəstəliklərini, əvvəllər məhkum olub-olmadığını da nəzərə alacağıq".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti