“Cəmiyyət mənəvi dəyərlərini itirənlərin arxasınca getmir” - Əli Əhmədov

  26 Yanvar 2019    Oxunub : 1579
 “Cəmiyyət mənəvi dəyərlərini itirənlərin arxasınca getmir” - Əli Əhmədov
"Özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran quruma daxil olan bir sıra radikal müxalifət partiya və birliklərinin yanvarın 19-da keçirdiyi mitinq göstərdi ki, Azərbaycan cəmiyyəti mənəvi dəyərlərini itirmiş insanların arxasınca getməyəcək"
Bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, siyasətlə siyasi davranış normaları, siyasi ləyaqət normaları çərçivəsində məşğul olmaq olar.

"Bu mənada, mitinqlər, yaxud hansısa aksiyalar bu normalar çərçivəsində keçirilərsə, biz buna etiraz etmərik. Tənqid etmək müxalifətin təbii hüququdur. Amma tənqidi təhqirlə, söyüşlə əvəz etmək yaramazlıqdır. Təbii ki, belələri bu cür davranışları ilə hansı mənəvi keyfiyyətlərə sahib olduqlarını göstərirlər”.

Baş nazirin müavini vurğulayıb ki, yanvarın 19-da keçirilən mitinq insanların müxalifətin ideyalarını dəstəkləmədiyini qeyd edib: "Sayca keçən dəfəki mitinqdən bir qədər çox insanın iştirak etməsini əldə rəhbər tutaraq, bundan bir silah kimi istifadə edərək özlərini qəhrəman kimi təqdim etmələrinə baxmayaraq, əslində 10 milyonluq Azərbaycan cəmiyyətinin çox kiçik bir hissəsinin təşkilatçıların çağırışlarına cavab verərək mitinqə gəlməsi ondan xəbər verir ki, onlar sosial dayaqlarını tamamilə itiriblər. Bu da təbiidir, çünki yüksək mənəvi dəyərlərə malik Azərbaycan cəmiyyəti mənəvi dəyərlərini itirmiş insanların arxasınca gedə bilməz, getmir və getməyəcək”.

Azvision.az

Teqlər: Əli-Əhmədov