İlham Əliyev: “Gənclərimizlə fəxr edə bilərik”

  01 Fevral 2019    Oxunub : 1199
 İlham Əliyev: “Gənclərimizlə fəxr edə bilərik”
"Ölkəmizdə gənclərlə bağlı dövlət proqramları qəbul olunur, müxtəlif mötəbər beynəlxalq tədbirlər keçirilir, bölgələrdə Gənclər mərkəzləri, Olimpiya İdman kompleksləri açılır"

Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında deyib.
Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan prezident çıxışında ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxunub, onların cəmiyyətin fəal üzvləri olduğunu deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar.

“Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyən dövlət başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.

Bundan əlavə, prezident Azərbaycanın son illərdə qazandığı uğurlardan və sosial-iqtisadi inkişafdan danışıb, ölkəmizin beynəlxalq nüfuzunun artdığını vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmləndiyini qeyd edib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Gənclər