“Tramp ABŞ-ın yalanını üzə çıxardı” – Ruhani

 “Tramp ABŞ-ın yalanını üzə çıxardı” –    Ruhani
  06 Fevral 2019    Oxunub:1997
İran prezidenti Həsən Ruhani amerikalı həmkarı Donald Trampın ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinin İranı izləmək məqsədi daşıdığına dair bəyanatını sərt tənqid edib.

Azvision.az “İRNA” agentliyinə istinadən xəbər verir ki, Ruhani ABŞ prezidentinin sözlərini məntiqsiz adlandırıb və onu region ölkələrilə bağlı çıxışlarında uyğunsuz və qeyri-diplomatik dildən istifadə etməkdə günahlandırıb.
Bildirib ki, Tramp terrorizmlə mübarizə ilə bağlı Amerikanın yalanlarını dünya ictimaiyyətinə faş edib.

“Bununla ABŞ birbaşa olaraq deyir ki, qonşuluqdakı İrana qarşı casusluq etmək üçün İraq ərazisinin bir hissəsini işğal edib. Bu cür açıqlama dünyada hansı məntiqə uyğundur? Deyirsiz ki, İraqda İranı izləmək üçün yerləşmisiniz, amma bundan əvvəl orada terrorizmlə mübarizə aparmaq üçün qaldığınızı bəyan edirdiniz. Özünüzü bu cür dürüst ifadə etməyiniz nə gözəldir! Bəli, siz Əfqanıstanda da eyni məqsədlə qalırsınız – istər İran, istərsə də Rusiya və Çini izləmək üçün. İranı 40 il əvvələ geri göndərə bilməyəcəksiniz. Biz heç zaman Amerikanın dominantlıq dövrünə geri qayıtmayacağıq” ,– deyə Ruhani vurğulayıb.

Qeyd edək ki, Tramp “CBS” telekanalına müsahibəsində bildirib ki, ABŞ-ın İraqdakı hərbi iştirakı Vaşinqtonun İranı yaxından izləməsi və nəzarətdə saxlaması baxımından olduqca vacibdir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   İraq   ABŞ  





Xəbər lenti