Ötən il 722 nəfər yol qəzasında ölüb - 76 faizi kişidir

  07 Fevral 2019    Oxunub : 1016
 Ötən il 722 nəfər yol qəzasında ölüb - 76 faizi kişidir
2018-ci ildə ölkənin avtomobil yollarında 1817 və ya 2017-ci illə müqayisədə 0,9 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,5 faiz azalaraq 2433 nəfər olub.
Dövlət Statistika Komitəsindən (DSK) Azvision.az -a verilən məlumata görə, onlardan 722-si həlak olub, 1711-i isə yaralanıb. Hadisələrin 40,9 faizi gündüz, 38,7 faizi gecə, 20,4 faizi isə toran vaxtı baş vermiş, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Yol-nəqliyyat hadisələrinin 90,0 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2017-ci ilə nisbətən 7,3 faiz artaraq 556 nəfər, yaralananların sayı isə 0,9 faiz artaraq 1628 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (əvvəlki illə müqayisədə 8,0 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 32,4 faizi (4,3 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi (10,6 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,5 faizini, yaralananların isə 74,1 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 49 hadisə baş verib, nəticədə 27 nəfər ölüb, 36 nəfər yaralanıb. Belə hadisələrin 63,3 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Azvision.az

Teqlər: DSK   Qəza