Diaspora Komitəsinin nümayəndə heyəti İsveçrədə

  07 Fevral 2019    Oxunub : 1309
Diaspora Komitəsinin nümayəndə heyəti İsveçrədə
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyəti İsveçrədə səfərdə olub.
Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, səfər çərçivəsində Sürix və Bern şəhərlərində rəsmi şəxslər, burada yaşayan soydaşlarımız, eləcə də türk icmasının nümayəndələri ilə görüşlər keçirilib.

Sürixdə İsveçrə Türk Diyanət Vəqfinin rəhbəri Zəfər Terkesli və Türkiyənin İsveçrədəki səfirliyinin nümayəndəsi Əşrəf Dalkıranla görüşdə Azərbaycan və Türkiyə dövlətləri, xalqları arasında qardaşlıq münasibətləri vurğulanaraq, ölkələrimizin sərhədlərindən kənarda da bu əlaqələrin saxlanılmasının əhəmiyyəti və bu işdə diasporun rolu qeyd olunub. Görüşdə hər iki xalqın ümumi maraqları çərçivəsində olan məsələlər, o cümlədən əməkdaşlığın perspektivləri müzakirə edilib.

İsveçrə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Yohanes Matiasla görüşdə Azərbaycanın bu ölkədəki səfirliyinin fəaliyyəti yüksək qiymətləndirilib. Gələcəkdə də iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdiriləcəyi vurğulanıb. Eyni zamanda, İsveçrə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi ilə DİDK arasında anlaşma memorandumunun imzalanması məsələsi müzakirə olunub. Y.Matias memorandumla bağlı bəzi məlumatların ən yaxın zamanda Dövlət Komitəsinə göndəriləcəyini deyib və yekun sənədin tezliklə imzalanacağına əminliyini bildirib.

Səfər çərçivəsində nümayəndə heyəti Bern şəhərində fəaliyyət göstərən Qarabağ məktəbində də olub, şagirdlərə Azərbaycan dilində dərsliklər, eləcə də ingilis dilində “Qarabağ xalçaları”, “Azərbaycan mətbəxi” və “Azərbaycan mədəniyyəti” kitabları hədiyyə edilib. Məktəbin kollektivi və valideynlərlə görüşdə təhsil ocağının fəaliyyətinə dair təkliflər dinlənilib, Dövlət Komitəsinin layihənin davamlılığı və inkişafı üçün gələcəkdə də dəstək verəcəyi vurğulanıb.

Daha sonra nümayəndə heyəti Bern şəhərində yerləşən Olresto Konqres Mərkəzində İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının toplantısında iştirak edib. Toplantıda Şuranın əlaqələndiricisi Qasım Nəsirov Koordinasiya Şurasının fəaliyyəti, son dövrlər görülən işlər barədə məlumat verib. Diaspor təşkilatlarından Şuraya daxil olmuş layihələr nəzərdən keçirilib, təkliflər səsləndirilib və görüləcək işlər müzakirə olunub. Görüşün sonunda Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev bu il Fondun dəstəyi ilə gerçəkləşdiriləcək layihələr, o cümlədən Diaspor Gənclərinin II Yay Düşərgəsi haqqında məlumat verib. Şura üzvləri Fondun layihələrində iştirak etmək üçün elektron qeydiyyat sistemi haqqında məlumatlandırılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Azvision.az

Teqlər: