Bakıda 18 kq-dan artıq narkotik dövriyyədən çıxarılıb - FOTOLAR

  28 Mart 2019    Oxunub : 1096
Bakıda 18 kq-dan artıq narkotik dövriyyədən çıxarılıb - FOTOLAR
Nəsimi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sakit Qəhrəmanov saxlanılıb.



Onun üzərində şəxsi axtarış aparılan zaman 41,025 qram narkotik vasitə olan heroin və 17,588 qram satış üçün hazır qablaşdırılmış formada kibrit qutularına doldurulan qurudulmuş marixuana aşkar edilərək götürülüb.



Əməliyyat tədbirlərinin davamı olaraq S.Qəhrəmanovun paytaxt ərazisində kirayədə yaşadığı evə də baxış keçirilib. Oradan da əlavə olaraq külli miqdarda narkotik vasitə heroin və marixuana aşkar edilərək götürülüb. Mənzildən aşkar edilərk narkotik vasitələr ekspertizaya göndərilib.



Ekspertizanın verdiyi rəyə əsasən müəyyən edilib ki, evdən götürülən heroinin çəkisi 3 kiloqram 15 qram, marixuana isə 15 kiloqram 575 qramdır. S.Qəhrəmanov ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.



Qeyd edilən faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və S.Qəhrəmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azvision.az

Teqlər: DİN   Narkotik