“Elinanın sağ qalması üçün əlimizdən gələni etdik” - Baş həkimin müavini
Bu barədə Azvision.az -a açıqlamasında Kliniki Tibbi Mərkəzin (“Semaşko”) baş həkiminin müavini Adil Salahov bildirib.
A.Salahov qeyd edib ki, xəstənin ölümündə həkim səhvi və ya səhlənkarlıq yoxdur. Onun sağ qalması üçün lazım olan hər bir şey edilib. “Həkimlərimiz işə təzə başlamayıblar ki, təcrübəsiz olsunlar. Xəstəxanada həm növbətçi həkimlər, həm də həkimin özü nə lazımdırsa edibər. Onu bir dəqiqə gözdən qoymayıblar. Xəstə bizə daxil olanda Toksikologiya şöbəsinə aparılıb. Lakin onun çanaq sümüyündə narahatçılığı olduğu üçün cərrahiyəyə yönəldilib. Qızdan analizlər götürülüb, rengen olunub, iki dəfə KT çəkilib. Cavablar müsbət olub. Zəif uşaq idi və beyin travması, döş qəfəsinin əzilməsi, ağciyərin əzilməsi, fəqərələrdə problemlər var idi, çanaq sümüyü sınmışdı. Xəstə cərrahi əməliyyat olunmayıb. Onun daxili orqanlarında partlama, cırılma olmayıb. Patoloji Anatomiya Birliyində meyit yarılan zaman bizim həkimlər iştirak ediblər. Məlumat veriblər ki, daxili orqanların heç birində cırılma, dağılma yoxdur”.
Baş həkimin müavini vurğulayıb ki, E.Hacıyevanı xəstəxananın həkimi Codarov Əkrəm qəbul edib, reanimasiyaya verib, növbətçi həkimlər tərəfindən baxılıb.
Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.
Aytən Zəhra
Azvision.az