Ali Məhkəmənin Plenum iclası keçirilib

Ali Məhkəmənin Plenum iclası keçirilib
  12 Aprel 2019    Oxunub:3706
Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib.
Azvision.az xəbər verir ki, Ali Məhkəmənin sədri iclası açaraq Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunu bildirib. Qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə genişmiqyaslı sosial-iqtisadi və hüquqi islahatlar həyata keçirilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının qanunvericilik sistemi daim inkişaf edən və dəyişən ictimai münasibətlərin hüquqi tənzimlənməsinin təmin olunması məqsədilə mütəmadi təkmilləşdirilir, yeni qanunvericilik aktları qəbul edilir. Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün sosial-iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasını və bu sahədə davam edən islahatların dərinləşməsini zəruri edir.

Bildirilib ki, Konstitusiyanın 131-ci maddəsinə əsasən, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanı olan Ali Məhkəmə kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

Qeyd olunub ki, Ali Məhkəmə tərəfindən mütəmadi olaraq məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək üçün qanunamüvafiq tədbirlər görülür. Lakin Fərmanda göstərilən tövsiyələrə əməl edilməsi üçün məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən olunan sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılmasından ötrü daha çevik, mükəmməl mexanizmlərin işlənib hazırlanmasına zərurət var.

Plenumda “2016-2017-ci illərdə respublikanın birinci instansiya məhkəmələri tərəfindən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ilə bağlı baxılmış mülki işlər üzrə qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə dair” nəticələr müzakirə edilib.

Ümumiləşdirmə nəticəsində müəyyən edilib ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün baxılır. Lakin bəzi hakimlər tərəfindən həmin işlərə baxılarkən maddi, prosessual hüquq normalarının tələblərinin pozulduğu, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvlərə yol verildiyi müəyyənləşdirilib.

Aparılmış ümumiləşdirmənin nəticələri Ali Məhkəmənin Plenumunda ətraflı müzakirə edilib, yol verilmiş nöqsanlar hakimlərin diqqətinə çatdırılıb. Kobud qanun pozuntusuna yol verən hakimlər barəsində müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına təklif edilib. Plenumda, həmçinin konkret işlərə baxılıb.

Azvision.az


Teqlər: Ali-Məhkəmə   İclas  





Xəbər lenti