Azərbaycanda “quş qripi” ilə bağlı son vəziyyət
Verilən göstərişə uyğun olaraq baytarlıq mütəxəssisləri tərəfindən Astara, Lerik, Masallı, Biləsuvar, Yardımlı, Lənkəran və İmişli rayonlarının İranla sərhəd kəndlərində saxlanılan təsərrüfatlardan 263 baş ev quşunun qan nümunəsi götürülüb. Quşlardan götürülən qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilməsi üçün göndərilib.
Xidmətdən bildirilib ki, baytarlıq baxışı keçirilən ərazilərin təsərrüfatlarında isə xəstə və xəstəlikdən tələf olan ev quşlarına təsadüf edilməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, artıq laboratoriyada “quş qripi”nə görə götürülən nümunələrin müayinəsi başa çatıb və onların heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib.
Dövlət Baytarlıq Xidməti aparılan müayinələrin nəticələrinə və keçirilən baytarlıq baxışlarına əsasən bildirib ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Quş-Qripi